SOCAR Belarusa ilk neft tankerini martın sonuna göndərməyi planlaşdırır

20:22 | 27 Fevral, 2020

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) martın 20-də Belarusun “Belneftexim” konserninə neft nəqlinə başlamağı planlaşdırır.

“Finans.az” xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, “Belneftexim” konserni üçün nəzərdə tutulan ilk partiyanın həcmi 85 min tona yaxındır. O qeyd edib ki, Azərbaycan neftinin olduğu ilk tanker Supsa limanından göndəriləcək.

Qeyd edək ki, daha əvvəl “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib ki, SOCAR Odessa limanına iki tanker neft nəql edəcək. Belarusa nəql ediləcək ümumi neft həcmi 160 min ton nəzərdə tutulub.

Azərbaycan nefti Odessa-Brodı boru kəməri vasitəsilə Ukraynadan Belarusun Mozır neft emalı zavoduna nəql olunacaq.

Mövzunu Facebookda şərh et