Sensasiyalı açıqlama: “Rusiya əsgərlərimizi bilərəkdən vurdu” – Türkiyənin müdafiə naziri – VİDEO – FOTO

16:47 | 28 Fevral, 2020

“Suriyanın İdlib vilayətindəki hərbçilərizin aviazərbələrə məruz qalması ilə bağlı Rusiyanın yaydığı məlumat həqiqətə uyğun deyil”.

Editor.az Hürriyet-ə istinadən bildirir ki, Türkiyənin milli müdafiə naziri Hülusi Akar belə deyib.

Onun sözlərinə görə, Türkiyə hərbçilərinin olduğu yerdə heç bir başqa silahlı birləşmə olmayıb: “Hərbçilərimizin olduğu yerlər barədə öncədən Rusiyanın həmin məkandakı hərbçi yetkililərinə məlumat verilib, koordinasiya aparılıb. Buna rəğmən hərbçilərimiz xain hücuma məruz qalıblar. İlk zərbədən sonra bir daha xəbərdarlıq etməyimizə rəğmən bombardman davam edib. Hava hücumlarında hətta hərbçilərimizə yardım üçün göndərilmiş təcili yardım maşınları belə vurulub”.

H.Akarın dediyinə görə, hücumdan dərhal sonra Türkiyənin Silahlı Qüvvələri cavab zərbələri endiriblər. Bu zərbələr nəticəsində Suriya ordusunun 5 helikopteri, 23 tankı, 10 zirehli maşını, 23 artilleriya qurğusu, 5 yük maşını, SA-17 və SA-22 zenit-raket qurğuları, 3 silah anbarı, 2 anbar, 1 qərargah deposu darmadağın edilib, 309 suriyalı əsgər məhv edilib.

“Bu günədək şəhidlərimizin qanını yerdə qoymadıq, bundan sonra da qoymayacağıq. Əməliyyatlarımız mehmetciyə və bölgədəki məzlum insanlara qarşı uzanan qanlı əllər qırılanadək davam edəcək”, – Türkiyənin milli müdafiə naziri deyib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilirdi: Türkiyənin hərbçiləri Suriyanın İdlib vilayətində aviazərbələrə məruz qalıblar, çünki onlar Suriya ordusunun mövqelərinə hücum edən müxalifət yaraqlıları arasında olublar. Türkiyəli hərbçilər Behun yaşayış məntəqəsinin yaxınlığında aviazərbələrə məruz qalıblar. Suriya ordusu “Həyat Təhrir əş Şam”ın geniş cəbhə boyu hücuma keçən yaraqlılarına zərbələr endirib. Rusiyanın Hava-Kosmik Qüvvələrinin aviasiyası zərbələrdə istifadə olunmayıb”.

Milli.Az

Mövzunu Facebookda şərh et