Kiyev Universitetində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

20:49 | 28 Fevral, 2020

Kiyev Milli Dilçilik Universitetinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Report” İnformasiya Agentliyinin dəstəyi ilə keçirilən tədbir Kiyev Milli Dilçilik Universiteti tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə təşkil edilib.

Tədbiri universitetin elmi-tədris işləri və beynəlxalq əlaqələr üzrə prorektoru, pedaqoji elmlər doktoru, professor Anatoli Maksimenko açıb.

“Çox faciəli hadisə ilə əlaqədar toplaşmışıq – 28 il əvvəl Azərbaycanın Xocalı şəhərində 613 günahsız sakin öldürülüb. Bu cür presedentlər dünyada tez-tez baş verir. Belə faciələrin yenidən baş verməməsi üçün əlimizdən gələni etməliyik. Düşünürəm ki, Xocalıda öldürülənlərin xatirəsinin anılmasına həsr olunmuş bugünkü tədbir ümumbəşəri dəyərləri daha çox xatırlamağımıza kömək edəcək”, – o deyib.

Tədbirdə həmçinin Azərbaycanın Ukraynadakı səfirliyinin üçüncü katibi Təranə Sadıqova da iştirak edib. Səfirliyin nümayəndəsi çıxışı zamanı Xocalıda baş verən vəhşiliklər barədə daha ətraflı danışıb, daha sonra Xocalıda törətdikləri vəhşilik və amansız qətlləri etiraf edən, hətta bununla öyünən ermənilərin xatirələrindən sitatlar gətirib: “Bütün bunlara baxmayaraq, biz intiqam yox, ədalət tələb edirik. Dəhşətli cinayəti törədənlərin ədalətli beynəlxalq məhkəməsini və cinayətkarlara ədalətli cəza verilməsini istəyirik. Xocalıya ədalət!”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) üzvü Marina Qonçaruk qeyd edib ki, tədbirdəki nitqlərin və işlərinin əksəriyyətinin Kiyev Milli Dilçilik Universitetinin tələbələri, xüsusən də Azərbaycan dilini profil istiqaməti kimi öyrənənlər tərəfindən hazırlanması çox vacib məqamdır: “Tələbələrin tarixin bu cür mürəkkəb məsələlərini öyrənməsi, bu barədə hesabatlar, çıxışlar, təqdimatlar hazırlamaları çox vacibdir. Ukrayna gənclərinin tarixi həqiqət məsələlərində Azərbaycanı fəal dəstəklədiyini görürük. Bu isə tarixin müxtəlif dövrlərində Ukraynanın hər zaman Azərbaycana dəstək olduğunu bir daha təsdiqləyir. Biz Azərbaycan xalqının ağrısını hiss edirik və bu gün Xocalıda günahsız yerə qətlə yetirilənlərə görə kədərlərini bölüşürük və bu vəhşilikləri törədənlərin ədalətli şəkildə cəzalandırılmasını tələb edirik”.

Tədbirin moderatoru Azərbaycan dili müəllimi, Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri İntiqam Şıxızadə olub.

Tələbələr Xocalı faciəsi ilə bağlı çıxışlar, hesabatlar, təqdimatlar hazırlayıb, faciəli hadisəyə həsr olunmuş şerlər oxuyub, həmçinin divar qəzetləri hazırlayıblar.

Mövzunu Facebookda şərh et