backend

İxrac potensialı artır, kənd təsərrüfatı güclənir – Azərbaycanın inkişaf strategiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilib və bu proqramın ölkə tarixində çox böyük rolu vardır. İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi. Məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməyib. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq”.
Avqustun 4-də Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində belə dedi.

Dövlət başçısının sözlərinə görə, o vaxt qarşımızda duran əsas vəzifələr infrastruktur məsələlərini həll etmək idi. Yollarımız bərbad idi, elektrik enerjisi ilə özümüzü təmin edə bilmirdik, qaz təchizatı demək olar ki, bölgələrdə, ümumiyyətlə, yox idi, Bakının yarısı qazsız idi, meliorasiya ilə bağlı olan layihələr, sadəcə olaraq, kağız üzərində qalmışdı. Biz onları həyata keçirdik və infrastruktur məsələlərinin həlli nəticəsində bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır. Azərbaycanda tikilmiş 20-dən çox yeni elektrik stansiyası bu imkanları bizə yaratdı.
Qazlaşdırma Azərbaycanda hazırda 93 faiz səviyyəsindədir və biz indi dünya üçün, Avropa üçün, qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilmişik. 2004-cü ildən bu günədək, yəni, 2017-ci ilə qədər 11 min kilometr yeni yollar – həm magistral, həm də kənd yolları salınmışdır, böyük meliorasiya layihələri icra edilmiş, Taxtakörpü, Şəmkirçay su anbarları, digər dəryaçalar yaradılmış, kanallar çəkilmişdir və bu proses bu gün də davam etdirilir. Qarşıda duran əsas məsələlərdən biri də fermerləri dayanıqlı su ilə təmin etməkdir.
Sosial infrastruktur yaradıldı, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikildi. Eyni zamanda, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılmışdır. Bütövlükdə 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açılmışdır ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Demək olar ki, hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Bu gün işləmək istəyən özü üçün iş tapa bilər. Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək. Biz xalqımızı, dövlətimizi bu böyük bəlalardan qurtara bildik.
2004-cü ildən başlayaraq infrastruktur layihələrinin icrası ilə bağlı qarşıda duran əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyi idi. Biz əsas diqqətimizi bu sahəyə yönəltdik. Çünki bu, prioritet idi. Yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, sovet vaxtında Azərbaycan özünü ətlə, yağla, südlə, toyuq əti ilə təmin edə bilmirdi, bu məhsullar başqa respublikalardan gəlirdi.

Biz isə, öz növbəmizdə, pambıq, üzüm, meyvə, tərəvəz, tütün, fındıq istehsal edib başqa respublikalara göndərirdik. Ancaq müstəqillik dövründə ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxdı.
Ona görə, biz əsas diqqəti bu sahəyə yönəltdik. Bunun nəticəsində bu gün taxılçılıqda böyük inkişaf var. Düzdür, bu, hələ ki, bizi tam qane edə bilməz, biz özümüzü hələ tam təmin etmirik, ancaq inkişaf var. Ət istehsalı Azərbaycanın tələbatını demək olar ki, ödəyir. Növbəti illərdə görüləcək tədbirlər nəticəsində biz hətta böyük ixrac potensialına da malik olacağıq. Biz özümüzü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Azərbaycandan böyük həcmdə meyvə-tərəvəz ixrac edilir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri prioritetdir.
Bu sahədə əldə edilmiş nailiyyətlər çox sevindiricidir. Növbəti illərdə daha da böyük nəticələr olacaq.
O ki qaldı texniki bitkilərə, bu sahəyə o qədər də diqqət göstərilməmişdi. Bunun da səbəbləri onunla bağlı idi ki, investisiyalar, ilk növbədə, infrastruktura, ərzaq təhlükəsizliyi məsələlərinə qoyulmalı idi. Bizim digər böyük sosial proqramlarımız var. Xüsusilə məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına milyardlarla vəsait qoyuldu.
Ordu quruculuğuna milyardlarla vəsait qoyuldu. Ona görə, texniki bitkilərin inkişafı bir qədər diqqətdən kənarda qalıb. Hesab edilirdi ki, bazar iqtisadiyyatı, özəl sektor bu sahələri də inkişaf etdirəcək. Ancaq gördük ki, dövlətin dəstəyi olmadan bu sahələr inkişaf edə bilmir. Son illərdə bu sahələrdə çox böyük tənəzzül müşahidə olunur. Demək olar ki, biz bu sahələri itirirdik.
Pambıqçılıq demək olar ki, məhv olurdu. O cümlədən tütünçülüyə maraq göstərilmirdi, baramaçılıq isə ümumiyyətlə, gündəlikdən çıxarılmışdı. Ona görə, bu sahələrə göstərilən diqqət nəticəsində cəmi iki il ərzində dönüş yarandı. Pambıq istehsalı artdı. 2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdı, cəmi iki il ərzində təxminən 10 dəfə artdı. İstehsal da buna uyğun şəkildə artır və artacaq. Biz indi böyük ixrac imkanlarımızla xarici bazarlara çıxırıq. Nəinki xam pambıq, mahlıc, eyni zamanda, Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində biz hazır məhsul ixrac edəcəyik. Digər sahələrdə, misal üçün, fındıqçılıqda. Baxmayaraq ki, fındıqçılıq müstəqillik dövründə artıb. Tütünçülük, baramaçılıqdan fərqli olaraq fermerlər bu sahəyə maraq göstərmişlər. Çox da olmasa, artım var idi. Ancaq biz bu artımı sürətləndirdik. İki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb ki, bir neçə ildən sonra onlar bar verəcək.
Tütünçülüklə bağlı atılmış ilk addımlar öz nəticəsini verir. Bu müşavirədən sonra çox ciddi proqram qəbul ediləcək. Azərbaycanda baramaçılıq çox geniş vüsət alıb.

Fermerlər, kəndlilər tərəfindən ən çox maraq göstərilən sahə də baramaçılıqdır. Çünki dövlət hər şeyi öz üzərinə götürüb, bütün lazımi materialları, tingləri verir, bütün sahələr üzrə subsidiyalar verir. Kümçülər 30-40 gün ərzində yaxşı gəlir əldə edirlər. Ona görə, bu ənənəvi sahələrin inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək.
Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bu ilin altı ayının nəticələri bunu deməyə imkan verir. Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcək.
Hazır məhsul satışı artırılacaq
Azərbaycan xam pambıq, mahlıcla yanaşı, hazır məhsul da ixrac edəcək.
Son illər dövlət tərəfindən sosial infrastruktura, ərzaq təhlükəsizliyinə, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına, ordu quruculuğuna milyardlarla vəsait qoyuldu.
Ona görə, texniki bitkilərin inkişafı bir qədər diqqətdən kənarda qalmışdı.
Bu sahələrə göstərilən diqqət nəticəsində cəmi iki il ərzində dönüş yarandı.
2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdı. İstehsal da buna uyğun şəkildə artır və artacaq.
Nəinki xam pambıq, mahlıc, eyni zamanda, Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan hazır məhsul ixrac edəcək.
Ötən il ölkədə fındıq istehsalı 34,3 min ton olub. 55,1 min hektar bağ sahələrində məhsuldarlıq orta hesabla hər hektara 1 ton düşür. İstehsalçılar 25 minə yaxın ev təsərrüfatını və 22 fındıq emalı müəssisəsini əhatə edir. Ötən il Azərbaycanda 70,7 ton yaş barama, 8,3 ton xam ipək istehsal olunub. Bu ilin sentyabrından ipək xalçaları üçün ipliyin istehsalına başlanacaq. Tütünçülükdə də inkişaf meyilləri sürətlənir. Belə ki, 2016-cı ildə 3,6 min ton tütün tədarük olunub. Bu il tütün əkini sahələrinin 3 min hektara çatdırılması planlaşdırılır.

Dövlətin dəstəyi daha geniş olacaq

Dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini davam etdirəcək
Dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini davam etdirəcək.
Bu sahələrin inkişafı həm də sosial layihədir, bu sahələr böyük məşğulluq potensialına malikdir.
Azərbaycanda tütünçülük, baramaçılıq, fındıqçılıq sahələri ilə bağlı çox böyük və zəngin ənənələr vardır.
Bu sahələr uğurla inkişaf edəcək, həm fermerlər, həm də dövlət daha böyük fayda götürəcək.
Fındıqçılıq çox gəlirli və valyuta gətirən bir sahədir, fındıq istehsalı ilə bağlı bütün proseslər ölkəmizdə aparılmalıdır.
İki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb.
Ötən il ölkədə fındıq istehsalı 34,3 min ton olub. İstehsalçılar 25 minə yaxın ev təsərrüfatını və 22 fındıq emalı müəssisəsini əhatə edir.
80 min hektar sahədə fındıq bağlarının salınması qarşıdakı dövrdə əsas hədəfdir.
Tütünçülüyə xüsusi diqqət ayrılacaq
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvar ayında keçirilən iclasında kənd təsərrüfatı ilə bağlı prioritet istiqamətlərə toxunarkən respublikamızda tütünçülüyün inkişaf etdirilməsinin vacibliyini də diqqətə çatdırıb. Dövlətimizin başçısı bu sahədə qarşıda duran vəzifələrdən danışaraq deyib: “Keçən il 3500 ton quru tütün tədarük edilib. Bizim məqsədimiz birinci mərhələdə onu 3 dəfə artırmaqdır. Yəni, Azərbaycanda 10 min ton quru tütün istehsal olunmalıdır, oluna bilər. Sovet vaxtında 50-60 min ton quru tütün istehsal olunurdu. Bunun ərazisi də bəllidir və həmin torpaqdır. Sadəcə olaraq, fermerlərə kömək etmək lazımdır. Bu köməyi edirik və ondan sonra biz bunun ixracını da təmin etməliyik. Yeni ixrac bazarlarının axtarılması ilə bağlı çox ciddi addımlar atılır. Bu da valyuta gətirən sahədir”.

Tütün əkini işlərinin gedişi ilə bağlı builki statistikaya nəzər salaq.
AZƏRTAC-ın məlumatına görə, ölkəmizdə tütünçülük üçün ən əlverişli region Şəki, Zaqatala, Qax və Balakəndir. İndiyədək respublika üzrə tütün əkilmiş 3154 hektara yaxın sahənin 2659 hektarı, yəni 84 faizi bu dörd rayonun payına düşür. Fermerlər daha məhsuldar və keyfiyyətli tütün sortlarına üstünlük verirlər. Belə ki, bu il əkilmiş sahələrin 2 min 5,7 hektarını “Virciniya”, 170,5 hektarını “Berley”, 977,7 hektarını isə digər növ tütün şitilləri təşkil edib.
İndiyədək nəzərdə tutulan 3000,5 hektar əvəzinə, 3154 hektar sahədə tütün əkilib.
Bu sahəyə marağı artıran əsas amillərdən biri istehsalçılara göstərilən dövlət dəstəyidir. Prezidentin müvafiq Sərəncamına əsasən, istehsal olunan və emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə fermerlərə 0,05 manat məbləğində subsidiya hesablanır.
Tütün istehsalçılarına güzəştli kreditlər veriləcək. Artıq 13 rayonda tütün əkini aparılıb.
2016-cı ildə 3,6 min ton tütün tədarük olunub. Bu il tütün əkini sahələrinin 3 min hektara çatdırılması planlaşdırılır.
Lakin bütün bunlarla bahəm, həllini gözləyən məsələlər də var.
Məsələn, tütün istehsalçılarına güzəştli kreditlər verilməlidir.
Hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalıdır.
2021-ci ilə qədər tütün əkini daha da genişləndirilməlidir.
Tütünçülüklə bağlı çox ciddi proqram qəbul ediləcək və sadalanan problemlərin çözümünün də həmin proqram çərçivəsində reallaşacağına ümid edirik.

Fermerlər, kəndlilər tərəfindən baramaçılığa çox böyük maraq var. Çünki hazırda ənənəvi və ixracyönümlü sahələrin dirçəldilməsi istiqamətində geniş iş aparılır, davamlı olaraq stimullaşdırıcı tədbirlər görülür. Bu sahələrdən biri də baramaçılıqdır. Ölkəmizdə baramaçılıq üçün münbit şəraitin olması, vaxtilə toplanılan zəngin təcrübə nəzərə alınaraq, ipəkçiliyin inkişafı üçün kompleks tədbirlər görülür. Ötən il uzun fasilədən sonra barama istehsalında müəyyən irəliləyişlər əldə edilib. Belə ki, 2007-ci ildən bəri ilk dəfə olaraq ölkədə 70,7 ton yaş barama məhsulu istehsal edilib, 1250-yə yaxın kümçü ailəsi 600 min manata yaxın gəlir götürüb. Təbii ki, bu, hələ başlanğıcdır.
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında baramaçılıq sahəsində vəziyyəti təhlil edən Prezident İlham Əliyev deyib: “Keçən il baramaçılıqla bağlı çox ciddi addımlar atılmışdır. Mən burada da bir neçə rəqəmi qeyd etmək istərdim. Əfsuslar olsun ki, bu sahə də tamamilə yaddan çıxmışdır. Əfsuslar olsun ki, əvvəlki illərdə tut bağlarının böyük hissəsi kəsilmişdir, dağıdılmışdır. İndi biz bunu bərpa edirik. 2015-ci ildə 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir, təkcə bir rayonda, Şəki rayonunda 2016-cı ildə görülmüş tədbirlər nəticəsində bu rəqəm 70 tona çatıb.
Bu il barama tədarükü keçən ilə nisbətən ən azı iki dəfə artmalıdır. Keçən il 1 milyon 700 min tut tingi əkilmişdir. Bölgələrdə bu sahəyə çox böyük maraq var. 30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar. Hazırda 37 rayonda baramaçılıq inkişaf edir. Əgər 2015-ci ildə bir rayonda idisə, hazırda 37 rayondadır və əlbəttə ki, bu coğrafiya da genişlənməlidir. Bax, əkilən bu tinglərin nəticəsində biz 2019-cu ildə 1300 ton barama istehsalını gözləyirik. Biz Şəki ipək kombinatının tam gücü ilə işləməsini də təmin edəcəyik”.
Daha bir fakta nəzər salaq. Ötən ilin payız mövsümündə respublika üzrə 1 milyon 793 mindən çox tut (çəkil) tingi əkilib.
Ölkədə barama istehsalının əvvəlki illə müqayisədə azı iki dəfədən çox artırılması ilə bağlı Prezidentin tapşırıqlarına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6000 qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) gətirilib və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Əldə olunan yüksək keyfiyyətli ipəkqurdları respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə pulsuz paylanılıb.

İstehsalın stimullaşdırılması istiqamətində atılan digər önəmli addım barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə kümçülərə dövlət büdcəsi vəsaiti hesabına 5 manat həcmində subsidiya verilməsidir.
Prezidentin digər sərəncamına əsasən, barama toxumlarının alınmasına 163 min manat, tut (çəkil) tinglərinin alınmasına isə 600 min manat vəsait ayrılıb.
Baramaçılığın inkişafı təkcə tut bağlarının salınması, ipəkqurdları əldə edilməsi ilə yekunlaşmır. Qeyd etdiyimiz kimi, bu sahənin dirçəldilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 may tarixli Sərəncamına əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılıb.
Artıq bir sıra rayonlarda yeni mövsümün barama tədarükünə başlanılıb. Ümumilikdə respublika üzrə iyunun 1-nə “Şəki-İpək” ASC tərəfindən 8,717 ton barama qəbul olunub və bu proses davam edir. Məhsul istehsalı və tədarükündə Zərdab (4,157 ton), Ağdam (1,296 ton) və Zaqatala (0,933 ton) rayonları irəlidə gedir. İri barama istehsalçılarından olan Füzuli rayonunda 36,5 ton, Zərdabda 24 ton, Şəkidə 22,5 ton, Zaqatala 21 ton, Ağcabədidə 17,5 ton, Ağdam, İmişli və Kürdəmir rayonlarının hər birində 15 ton məhsul istehsalı gözlənilir. Ölkə üzrə isə 300 tona yaxın barama tədarükü proqnozlaşdırılır.
Daha bir önəmli fakt: bu il ipəkqurdu bəslənilməsi və barama tədarükü 10 min 782 nəfərin əlavə işlə təminatına imkan yaradıb.
Dövlət baramaçılığın inkişafı ilə bağlı hər şeyi öz üzərinə götürüb, bütün lazımi materiallar, subsidiyalar verilir, tinglər əkilir.
Kümçülər 30-40 gün ərzində yaxşı gəlir əldə edirlər.
Ötən il Azərbaycanda 70,7 ton yaş barama, 8,3 ton xam ipək istehsal olunub. Bu ilin sentyabrından ipək xalçaları üçün ipliyin istehsalına başlanacaq.
Hazırda 30 rayonda barama istehsal olunur, gələn il 500 ton , 2025-ci ilə qədər 6 min ton barama tədarükü gözlənilir.
Damazlıq barama təsərrüfatlarının fəaliyyətinin yaxşılaşdırılması üçün qəbul məntəqələri və yeni ipək kombinatı yaradılmalı, “Şəki İpək” ASC-nin fəaliyyəti daha da gücləndirilməlidir.
…. Azərbaycanda idxaldan asılılığı azaltmaq, daxili tələbatı yerli istehsal hesabına təmin etmək və ixrac imkanlarını genişləndirmək üçün qəbul edilmiş proqramlar uğurla icra edilir.

Həyata keçirilən tədbirlər ilk növbədə əhalinin rifah halının yaxşılaşmasına və qeyri-neft sektorunun inkişafına xidmət edir.
Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Əminəm ki, bugünkü müşavirənin nəticəsində bizim üçün ənənəvi olan sahələr – baramaçılıq, tütünçülük, fındıqçılıq da uğurla inkişaf edəcək, həm fermerlər, kəndlilər daha da böyük fayda görəcək, eyni zamanda, dövlətimiz daha da güclənəcək.
Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bu ilin altı ayının nəticələri bunu deməyə imkan verir. Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub.

Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcək.