Ekspert: “SOCAR-ın xaricdəki fəaliyyəti Azərbaycana gəlirləri artıran fəaliyyətlərdəndir”

17:58 | 5 Mart, 2020

Şirkət xarici ölkələrdəki biznes fəaliyyətinə Gürcüstandan başlayıb. Belə ki, SOCAR 2006-cı ildən bu ölkədə fəaliyyətə başlayıb. Elə həmin ildə də neftin Qərb bazarlarına nəql edilməsi məqsədilə Kulevi Neft Terminalı satın alınıb. SOCAR bu ölkədə Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir, ölkənin qazlaşdırılması ilə məşğul olur, qazpaylayıcı şəbəkələrini idarə edir.

SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsi ilə həyata keçirir. Şirkət 2009-cu il dekabrın 17-də yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın topdan və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir.

SOCAR Rumıniya bazarındakı fəaliyyətini “SOCAR Romania S.A” şirkəti vasitəsilə həyata keçirir. Şirkət Rumıniya bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur.

SOCAR-ın ən geniş yanacaqdoldurma şəbəkəsi İsveçrədədir. SOCAR İsveçrədəki fəaliyyətini “SOCAR Trading” və “SOCAR Energy Switzerland” şirkətləri vasitəsilə həyata keçirir.

“SOCAR Trading” 2008-ci ildə Cenevrə şəhərində təsis edilib. Şirkət Azərbaycan mənşəli xam neftin və üçüncü tərəflərə məxsus neft və neft məhsullarının satışı ilə məşğuldur. “SOCAR Trading” Azərbaycan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə dünya bazarına birbaşa SOCAR tərəfindən çıxararaq Azərbaycan neftindən gələn gəlirləri artırmaq, eyni zamanda, Azərbaycanın dünyada təsir dairəsini artırmaq üçün yaradılıb.

“SOCAR Energy Switzerland” şirkəti İsveçrə bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. 2012-ci ildə SOCAR və “ExxonMobil” şirkətləri arasında imzalanan müqavilə əsasında “Esso Switzerland” şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib.

SOCAR ən böyük investisiyalarını Türkiyədə həyata keçirir. SOCAR bu bazara 2008-ci ildə Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim”in özəlləşdirmə prosesinin sonunda əsas səhmdarı olmaqla başlayıb. Daha sonra İzmir Əliağada illik emal gücü 10 mln. ton olan STAR neft emalı zavodunun inşası həyata keçirilib və bu zavod 2018-ci ilin oktyabr ayında istismara verilib. Egey bölgəsinin ən böyük konteyner limanı olan “SOCAR Terminal” (“Petlim”), 51 meqavat gücdə “Petkim” Külək Elektrik Stansiyası da SOCAR-ın bu ölkədəki layihələrindəndir. SOCAR Türkiyədə təbii qazpaylama fəaliyyəti ilə də məşğuldur. Şirkət, həmçinin Əliağa yarımadasında yeni neft-kimya kompleksinin inşasını da planlaşdırır.

Nəhayət, Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan TANAP layihəsini qeyd etmək olar. Türkiyə ərazisində inşa olunmuş və ildə 6 mlrd. kubmetr qazın nəqlini nəzərdə tutan bu layihədə SOCAR-ın səhmdarı olduğu “Cənub Qaz Dəhlizi” QSC 51%, şirkətin Türkiyədəki törəməsi “SOCAR Turkey” Enerji A.Ş” 7% paya sahibdir.

Bəs, SOCAR-ın xarici investisiyaları Azərbaycana hansı iqtisadi töhfə verir?

SOCAR-ın xaricdəki investisiyalarının ölkə iqtisadiyyatına təsirini şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, şirkətin aktivlərinin şaxələndirilməsi və eyni zamanda müvafiq bazarlarda, xüsusilə enerji sahəsində fəaliyyətinin təmin edilməsi növbəti dövrlər üçün Azərbaycanın gəlirlərinin SOCAR vasitəsilə artıra bilən fəaliyyətlərdəndir.

İqtisadçı-ekspert Rəşad Həsənov:

“SOCAR-ın qloballaşması Azərbaycana gəlirlərin gətirilməsi üçün imkanlar yaradır”.

Onun sözlərinə görə, son illər xüsusilə Türkiyədə SOCAR vasitəsilə Azərbaycan tərəfindən çox böyük investisiya yatırımları həyata keçirilib: “Bu da müəyyən mənada imkan verir ki, Azərbaycan emal olunmuş məhsulların dünya bazarlarına təklif edilməsi üçün daha da əlverişli infrastur formalaşdırılsın”.

Ekspert deyir ki, eyni zamanda, bu gün SOCAR Türkiyədəki STAR zavodu kimi yatırımları ümumilikdə SOCAR-ın özünün digər məhsullarına- xam neftə əlavə tələb formalaşdırır: “Bu da müəyyən mənada xarici bazarlardan asılılığın azalmasına təpki göstərə bilir”.

İqtisadçı düşünür ki, SOCAR-ın özünün qloballaşması və qlobal şirkət olaraq fəaliyyət göstərməsi, dünya bazarlarına çıxması Azərbaycana gəlirlərin gətirilməsi üçün imkanlar yaradır: “Təbiii ki, burada müəssisələrin idarə edilməsi, investisiyaların yatırılması zamanı strateji hədəflərin dəqiq müəyyən edilməsi əsas faktorlardan biridir. İndiki halda, bu fəaliyyətlər beynəlxalq təcrübəyə uyğundur və müsbət qiymətləndirilə bilər”.

Mövzunu Facebookda şərh et