“Səni bibin kişilərlə görüşdürür…” – Samuxda şok gecə cinayəti

16:04 | 7 Mart, 2020

Samux rayonunda arvadını öldürməkdə, onun bibisinə isə ağır xəsarət yetirməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Elvin Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Editor.az  teleqraf.com-a istinadən bildirir ki, Elvin Bayramov arvadı Müşafərim Bayramovanın ondan boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdiyini eşidib.

Bu səbəbdən arvadının başqa kişi ilə cinsi əlaqədə olaraq ona xəyanət etməsindən şübhələnib. O, Müşafərim Bayramovanın ona xəyanət etməsinə və boşanmaq istəməsinə sonuncunun bibisi Xatirə Salmanovanın səbəbkar olması nəticəsinə gəlib.

Elvin Bayramov onların hər ikisindən qisas almaq niyyətinə düşüb. 16 avqust 2018-ci il tarixdə, gecə saat sərxoş vəziyyətdə Xatirə Salmanova ilə arvadı Müşafərim Bayramovanın birgə yaşadığı Ziyadlı kəndində yerləşən qayınatasına məxsus evə gəlib.

Elvin Bayramov evin qapısının şüşəsini sındıraraq içəri keçib. Aynabənd otağında yatmış və səsə yuxudan ayılmış Xatirə Salmanovaya hücum edib. O, özündə olan bıçaqla Xatirə Salmanovanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib.

Həmin vaxt yataq otağında yatmış Müşafərim Bayramova səsə yuxudan ayılaraq aynabəndə çıxıb. O, hadisənin qarşısını almaq üçün aralığa girib. Müşafərim Bayramovanın araya girməsindən istifadə edən Xatirə Salmanova evdən çölə çıxıb.

Bundan dərhal sonra Elvin Bayramov Müşafərim Bayramovaya azyaşlı oğlunun gözləri qarşısında çoxsaylı bıçaq zərbələri vurub. Müşafərim Bayramova hadisə yerində ölüb. Xatirə Salmanovaya isə vaxtında ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elvin Bayramovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Bayramov 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Elvin Bayramov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, ədalətli qərar qəbul edilməsini xahiş edib.

Bundan başqa, zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib. Zərərçəkmiş tərəf Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Elvin Bayramovun barəsində ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını istəyiblər.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Salman Hüseynovun sədrliyi ilə baş tutan iclasda tərəflərin verdiyi apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Tərəflərin şikayətləri təmin edilməyib.

Mövzunu Facebookda şərh et