Abşeronda psixi xəstə qızı zorladı – Cəzadan qaçmaq üçün evlilik təklif etdi

10:12 | 03.07.2017
97 dəfə oxundu

29 yaşlı şəxs psixi xəstəliyi olan 17 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Qızın ailə üzvləri bundan xəbər tutduqdan sonra polisə müraciət edib. Hadisənin ilginc tərəfi isə odur ki, 29 yaşlı şəxs həbsdən qurtulmaq üçün qızla evlənmək istədiyini deyib. Amma bu evlilik baş tutmasa da zərərçəkmiş qızın anası bu əməli tutan şəxsi bağışlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş 1988-ci il təvəllüdlü Tapdıqov Hikmət Əli oğlu aldığı cəzadan narazı qalaraq apellyasiya şikayəti verib.
Şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində hakim Mübariz Zeynalovun sədrliyi ilə baxılıb.
Əvvəlcə hadisə haqda…
Hikmət Tapdıqov ona görə məhkum edilib ki, o, cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə Abşeron rayonu Müşviq qəsəbəsində yaşayış olmayan evin həyətində 2000-ci il təvəllüdlü Aysu Qasımovanın (ad və soy ad şərtidir) köməksiz vəziyyətindən istifadə edib.
Əqli inkişafında psixi xəstəliyi olan A.Qasımova hadisə şəraitinə görə ona qarşı edilən intim hərəkətlərin mahiyyətini tam olaraq dərk etmək qabiliyyətinə malik olmayıb. Bundan istifadə edən H.Tapdıqov 17 yaşlı qıza qarşı zor tətbiq etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. İttihama görə, H.Tapdıqov bu əməlini törədərkən 17 yaşlı qıza yalandan vədlər verərək onunla evlənmək niyyətində olduğunu deyib.
Zorladığı qızla evlənmək istəyib…
Məhkəmədə müdafiəçi Elmira İsmayılova apellyasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki hökmün dəyişdirilməklə ona təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsini istəyib. Vəkil müdafiə etdiyi şəxs barəsində şərti cəza tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Vəkil qeyd edib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əməlini səmimi etiraf etməsini, peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona qarşı şikayətin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə almayıb.
Müdafiəçi həmçinin onu da bildirib ki, müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxslə ailə qurmaq arzusunda olmasını da birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən hal kimi qiymətləndirməyib.
“Birinci instansiya məhkəməsi cəza təyin edərkən işin hallarını və cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almayıb. Müdafiə etdiyim şəxsə cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin edib”- deyə vəkil bildirib.
Məhkum H.Tapdıqov da apellyasiya məhkəməsindəki çıxışında barəsində çıxarılmış hökmün ədalətsiz olduğunu qeyd edib və cəzanın ləğv edilərək ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.
Dövlət ittihamçısı isə şikayətin rəddə edilməsini və hökmün dəyişdirilməməsini istəyib. Məhkəmə kollegiyası tərəfləri dinlədikdən sonra qərara gəlib ki, hökm cəzanın ağırlığına gorə dəyişdirilməlidir.
Şikayəti araşdıran məhkəmə hesab edib ki, məhkum ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilib. Onun əməli səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin, ekspertiza rəyi, eləcə də birinci instansiya məhkəməsində
tədqiq olunmuş digər mötəbər sübutlarda da öz əksini tapıb və bu hissədə hökmün əsaslılığı apelyasiya şikayətlərində də mübahisələndirilmir.
Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsi məhkuma cəza müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, işin bir sıra xüsusatlarını, o cümlədən cəza təyininin ümumi əsasları olan təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini tam nəzərə almayıb.
Ana qızını zorlayanı bağışlayıb…
İş materiallarından görünür ki, Hikmət Tapdıqov yaxın qonşu münasibətlərində olduğu A.Qasımovanı əvvəlcədən tanımış, ondan xoşu gəlmiş və zərərcəkmişin kəmağıllılığından istifadə edərək ona evlənmək barədə vədlər verərək onunla seksual xarakterli zorakılıq hərəkətləri həyata keçirməyə nail olub. Hadisədən sonra təqsirləndirilən şəxs zərərcəkmiş A.Qasımova ilə ailə qurmaq niyyətində olduğunu da bildirib.
Həmçinin, cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olan anasının notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxsi bağışlayıb, ona qarşı şikayət və tələbi yoxdur.
Apellyasiya məhkəməsinin qənaətincə, birinci instansiya məhkəməsi H.Tapdıqova törətdiyi əmələ görə verilə biləcək ən ağır cəza – 8 il azadlqıdan məhrum etmə cəzasına yaxın cəza təyin etməklə düzgün nəticəyə gəlməyib. Şikayəti araşdıran məhkəmənin yekun qərarı ilə cəzası 7 ildən 6 ilə endirilib.
///Musavat.com