Aİ və Azərbaycan arasında yeni saziş nə vaxt imzalanacaq? – Rəsmi cavab

15:07 | 19.05.2018

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni hərtərəfli sazişin 2019-cu ildə imzalanmaya hazır olacağı gözlənilir.

Bunu EURACTIV-ə müsahibəsində Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.

O qeyd edib: “Yeni saziş üzrə danışıqların iştirakçıları bizi müzakirələrin cari vəziyyəti haqqında məlumatlandırmaq məqsədilə Parlament Əməkdaşlıq Komitəsinin hər bir iclasına qatılır”.

C.Feyziyev bildirib ki, Aİ və Azərbaycan arasında yeni ikitərəfli saziş ticarət və investisiyalar, insan haqları, təhsil, ətraf mühitin mühafizəsi sahələrində, o cümlədən energetika və nəqliyyat sektorlarında əməkdaşlıq daxil olmaqla, münasibətlərin siyasi, iqtisadi, sosial və mədəni aspektlərini əhatə etməlidir:

“Vaxt məhdudiyyəti yoxdur, lakin müzakirəçilər prosesin sürətləndirilməsi üçün həqiqətən də bütün səyləri göstərirlər. Biz tərəflərin bu ilin sonunadək danışıqları başa çatdıracağını və yeni sazişin 2019-cu ilin birinci yarısında imzalanmaya hazır olacağını gözləyirik”.

//Trend