Arif Əsgərovun oğlu məhkəməyə çağırıldı

16:36 | 20.02.2018
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə R. Hüseynovun sürücüsü olmuş Asim Xəlilovşahid qismində ifadə verib. O bildirib ki, zərərçəkmiş Qoşqar Zeynalova paketin içində bir neçə dəfə pul verib.
A. Əsgərovun oğlu Elnar Əsgərovun ifadə verməsi üçün proses martın 2-dək təxirə salınıb.
Qeyd edək ki, R. Hüseynov barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
R. Hüseynov nəqliyyat nazirinin müavini, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifələrində çalışmış Arif Əsgərovun baldızı oğludur.
R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
İttihama görə, E. Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manatı dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. E. Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
E.Hüseynov 2016-cı ilin dekabr ayında “İnrerpol” xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.
İş üzrə zərərçəkmiş şəxslərdən biri Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovdur.
///APA