AXC-nin 100 illiyi Şimali Kipr Türk Respublikasında qeyd olunub-KONFRANS

00:04 | 01.06.2018

Mayın 29-da Şimali Kipr Türk Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Azərbaycan Xalq Cumhuriyyəti 100″ adlı konfrans təşkil olunub. Kipr Elm Universiteti, İslahatçı Gənclər İctimai Birliyi və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu tərəfindən birgə təşkil olunan konfrans Türkiyə və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə başlayıb. Daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, keçdiyi yol və müasir Azərbaycanın bugünkü uğurları barədə məruzələr dinlənilib.

Konfransda ilk çıxış edən Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədr müavini, millət vəkili Zorlu Töre Azərbaycan Cümhuriyyətinin 100 yaşı münasibətilə təbriklərini çatdırıb. Millət vəkili Azərbaycanın regiondakı nüfuzundan, keçdiyi şərəfli yoldan söz açıb və Türkiyə-Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti əlaqələri barədə danışıb.

Kipr Elm Universiteti İdarə Heyətinin sədri Selman Arslanbaş öz çıxışında Azərbaycanla Türkiyə arasındakı tarixi dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərinə diqqət çəkib. O qeyd edib ki, AXC mövcud olduğu dövrdə üzərinə düşən olduqca mühüm missiyasının öhdəsindən layiqincə gəlib. S.Arslanbaş qeyd edib ki, bugünkü müasir Azərbaycan AXC-nin layiqli davamçısıdır və onun qazandığı uğurlar qardaş ölkələr olaraq, Türkiyə və Şimali Kipri ürəkdən sevindirir.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış edərək bildirib ki, Birinci Dünya müharibəsinin sona çatması, Rusiyada oktyabr inqilabı və çarizminin süqutundan yaranmış gərgin vəziyyət, Rusiyanın keçmiş ərazilərin hamısına lazımi qədər nəzarət edə bilməməsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait yaratmışdı. Xüsusilə qeyd olunmalıdır ki, belə bir şəraitdə müstəqil cümhuriyyəti qura biləcək Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli kimi qabaqcıl ziyalılar təbəqəsinin yetişməsi də Xalq Cümhuriyyətinin yaranmasında müstəsna rol oynamışdı”.

İGİB sədri qeyd edib ki, bugünkü müstəqil və müasir Azərbaycan AXC-nin siyasi və mənəvi varisidir: “Müasir Azərbaycan bugün bütün platformalarda regionun ən güclü və nüfuzlu ölkəsidir. Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyası çoxmilyonlu Azərbaycan xalqını öz ətrafında birləşdirib. Cənab Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, əgər Cumhuriyyəti quranlar bugünkü müasir Azərbaycanı görə bilsəydilər, ölkəmizlə fəxr edərdilər”.

Daha sonra çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 100 il bundan əvvəl yaranmış Azərbaycan Cümhuriyyətinin tarixdə ilklərə imza atdığını və insan haqları sahəsində bir sıra yeniliklər əldə etdiyini dilə gətirib. İlk dəfə məhz Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verildiyini diqqətə çatdıran hüquq müdafiəçisi Əhməd Şahidov 23 ay sürməsinə baxmayaraq, Cümhuriyyət dəyərlərinin bugün də yaşadığını diqqətə çatdırıb. Türkiyə və Azərbaycan əlaqələrinə diqqət çəkən ADİHİ rəhbəri Nuri Paşanın Bakını işğaldan azad etməsini Türkiyənin tarix boyu Azərbaycana dost və qardaş dəstəyinin göstəricisi olduğunu və bugün də bu dəstəyin davam etdiyini bildirib.

Konfransda çıxış edən Kipr Elm Universitetinin rektoru professor Ahmet Bülend Göksel, Rauf Raif Denktaş Düşüncələrini Yaşatma Dərnəyinin başkanı Latif Akça, Milliyyətçi Demokratiya Partiyasının sədri Buray Büsküvütçü və digərləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı barədə səmimi təbriklərini çatdırıb, ölkəmizin qazandığı uğurlara diqqət çəkiblər.

Daha sonra qonaqlar “Azərbaycan Xalq Cumhuriyyəti 100” adlı fotosərgi ilə tanış olublar.

Qeyd edək ki,  konfransın keçirilməsinə AAAF Park MMC və Aşıq Şəmşir Mədəniyyət Ocağı təşkilati dəstək verib.