AXCP-nin 2018-ci il planları –yenə xarici dairələr, yenə xəyanət!

04:10 | 09.08.2017
450 dəfə oxundu

“Milli Şura” növbəti dəfə yeni tərkibdə köhnə cəhdlər edəcək…

2013-cü ilin president seçkilərindən əvvəl və sonra Rusiyanın qaranlıq siyasi dairələri və bu dairələrin əlaltısı olan “Milyarderlər İttifaqı” tərəfindən yaradılmış “Milli Şura” 2018-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti president seçkilərində də eyni motivdən yararlanmağa cəhd etməyi planlaşdırıb. Öncəki seçkilərdə ciddi siyasi fəsadlara və təməlli uğursuzluğa düçar olmuş “Milli Şura”nın rəhbərliyində yer alan Cəmil Həsənli, eyni zamanda onu özəl şəkildə idarə edən AXCP sədri Əli Kərimli “revanş” almaq məqsədi ilə bir daha həmin dairələr qarşısında müəyyən öhdəliklər götürməyə hazır olduqlarını gizlətmirlər. Hətta ağılagəlməz ehtimalların reallaşması imkanları da sözügedən planların tərkib hissəsində yer alıb. Bu barədə adlarının bəlli məsələlərə görə açıqlanmasını istəməyən kifayət qədər etibarlı mənbələr də etiraf edirlər.

Yeni versiyada qurulacaq “Milli Şura”nın tərkibinin müəyyənləşdirilməsi üçün C.Həsənli və Ə.Kərimli ilə gizli danışıqlara belə gedildiyi bildirilir

Həmin etiraflardan biri uzun müddət idi ictimai-siyasi məkanda səsi-sorağı gəlməyən sabiq baş nazir Surət Hüseynovun, keçmiş müdafiə naziri Rəhim Qazıyevin, sabiq president Ayaz Mütəllibovun və keçmiş baş nazirin müavini Abbas Abbasovun adlarının hallanmasıdır. Məhz irəli sürülən və reallaşması mümkün oloan variantlardan biri də budur ki, həmin rusiyameylli tərəflər bir araya gələrək, “Milli Şura”da bu və ya digər şəkildə təmsil olunsunlar. Hətta yeni versiyada qurulacaq “Milli Şura”nın tərkibinin müəyyənləşdirilməsi üçün C.Həsənli və Ə.Kərimli ilə gizli danışıqlara belə gedildiyi bildirilir. Əlbəttə, bütün bunların heç də elə-belə havadan yaranmadığı, şərtlərin, təkliflərin müəyyən öhdəliklər, vədlər qarşılığında qəbul olunması faktdır.

Bu arada, onu da xatırlatmaq yerinə düşərdi ki, bir müddət əvvəl fəaliyyətinə xitam verilmiş Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ardınca, Rusiyadakı qaranlıq siyasi dairələr şərtlərinin qəbul ediləcəyi təqdirdə yeni bir qurumun təsis olunmasını, qeydiyyatdan keçirilməsini vəd ediblər. Artıq o da bəlli olub ki, Rusiyadakı qüvvələr 2018-ci il seçkiləri ilə bağlı layihələrini məhz bu ölkədə yaşayan, müxalifətçilik meylləri ilə seçilən azərbaycanlılar vasitəsilə icra etməyi planlaşdırırlar. Sadəcə, “Milyarderlər İttifaqı” bu dəfə başqa adla əvəz olunacaq.

Məqsəd, Azərbaycan dövlətçiliyinin təməlini sarsıtmaq, xarici siyasi dairələrin regionda söz sahibinə çevrilmələri üçün 2018-ci il seçkilərində maksimum şəkildə aranı qarışdırmaqdır

İlginc məqam isə sövdələşmələrdə AXCP sədri Ə.Kərimlinin yer almasıdır. Bəllidir ki, Ə.Kərimli AXC hakimiyyəti zamanı yüksək vəzifədə olarkən adları çəkilən hər üç şəxslə düşmənçilik münasibətlərində olub və bu dəfə onun həmin şəxslərlə bir araya gəlməsi bir çoxlarında təəccüb yaradır. Halbuki, burada heç də təəccüblü nə isə yoxdur. Məqsəd, Azərbaycan dövlətçiliyinin təməlini sarsıtmaq, xarici siyasi dairələrin regionda söz sahibinə çevrilmələri üçün 2018-ci il seçkilərində maksimum şəkildə aranı qarışdırmaqdır. Bunun üçün isə Ə.Kərimli-C.Həsənli cütlüyündən də münbit siyasi ikilik tapmaq Rusiyanın qaranlıq siyasi dairələri üçün çətin idi. Ona görə də məhz onlar bu sövdələşmədə “söz sahibi” olaraq qəbul edildilər və sonradan yuxarıda qeyd edilən planlar barədə məlumatlar verildi. Əlbəttə, belə təkliflərdən vaz keçmək həm Ə.Kərimli, həm də C.Həsənli üçün axmaqlıq olardı, çünki məqsəd siyasi maraqlar üzərindən daha çox maddi vəsait qazanmaqdır. Onlar üçün sabiq düşmənlərin sonradan dostlara çevrilməsi heç də müşkül məsələ deyil.

Əli Kərimlinin sosial şəbəkələrdəki adamları niyə Qərbə “yox!” deyirlər?

Beləliklə, “Milli Şura”nın yeni versiyada və yeni sigətlərlə doldurulması təklifinin reallaşdırılmasında əsas koordinator qismində AXCP sədri Ə.Kərimli seçilib və onun A.Mütəllibovla, S.Hüseynovla, R.Qazıyevlə və A.Abbasovla razılaşması baş tutarsa, biz 2018-də fəaliyyəti dəyişməyən, ancaq sifətlər baxımından fərqli “Milli Şura” görəcəyik. Məhz bu səbəbdən, Ə.Kərimlinin adı son aylarda rusiyapərəst qüvvələrlə birgə hallandırılır, hətta onun sosial şəbəkələrdəki qrupları zaman-zaman Qərb siyasətini pisləyən statuslar paylaşır, Rusiya ilə yaxın qonşuluq prinsiplərindən fikirlər yazırlar. Bu faktor isə AXCP sədrinin “koordinator” olaraq yeni vəzifəyə təyin olunmasını sübuta yetirmiş olur.

//SİA