Azərbaycan diasporunda Fizuli Məmmədov imzası: Dünyaya verilən həmrəylik mesajı

16:23 | 20.04.2018

Vətəndən coğrafi olaraq olduqca uzaqda yaşamasına baxmayaraq, xaricdəki həmvətənlilərimizin qəlbi daima Azərbaycanla döyünür. Kimin nə deməsindən asılı olmayaraq, xaricdəki soydaşlarımız tarixin bütün mərhələlərində Azərbaycan dövlətçiliyinin yanında olub, ona sədaqət nümayiş etdiriblər. Dövlət başçısı İlham Əliyevin “mən bütün dünya azərbaycanlılarının prezidentiyəm” fikri çağdaş Azərbaycan diasporunun güvənc və qürur mənbəyinə çevrilməklə, onların fəaliyyəti üçün yol xəritəsi rolunu oynayıb. Xaricdəki azərbaycanlılar yaşadıqları ölkələrin həyatına hər nə qədər inteqrasiya etsələr, orada ciddi mövqələrə sahib olsalar da, heç zaman öz tarixi vətənləri olan Azərbaycanı unutmur, gücləri yetdiyi qədər onun uğurlarını, sevincini, kədərini bölüşməyə çalışırlar.

Tanınmış iş adamı, xeyriyyəçi, «Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun prezidenti, Avropa Azərbaycan Konqresinin birinci vitse-prezidenti Fizuli Məmmədovun adı xaricdə yaşayan belə soydaşlarımızın sırasında ilk pillərdə gəlir. Uzun illərdir Azərbaycandan kənarda yaşamasına və orada böyük nüfuz sahibi olmasına baxmayaraq, Fizuli Məmmədov mütəmadi olaraq, yaranan hər fürsətdə dövlətimiz və xalqımız faydalı olmağa, ölkəmizdə gedən inkişaf prosesinə öz töhfəsini verməyə çalışır.

Onun Azərbaycan naminə etdiyi xeyriyyəçilik, lobbiçilik fəaliyyəti ilə bağlı geniş yazmaq, ayrı-ayrı faktların üzərində durmadan, sadəcə son illərdə dövlətimizin üçün mənəvi yükü maddi dəyərindən dəfələrlə artıq olan ordumuza dəstək siyasətinə diqqət çəkmək yerinə düşər.

“Azərbaycan əsgərinin qarşısında baş əyir və onları sosial problemlərlə baş-başa qoymamaq üçün imkanlarımızı səfərbər edəcəyimizi bəyan edirik. Unutmayaq ki, şanlı ordumuz dövlətimizin sütunu, millətimizin qürurudur”-deyən Fizuli Məmmədov qısa zaman kəsiyində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qazi olan 11 qəhrəmanımızın ailəsini sevindirərək, onlara mənzil hədiyyə edib.

Heç şübhəsiz ki, Azərbaycan dövləti öz qəhrəman əsgərinin qarşılaşdığı bütün problemləri həll etmək gücündədir və bu istiqamətdə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında olduqca mühüm işlər görülür.

Ancaq yuxarıda qeyd etdiyimiz kimi, illərdir Azərbaycandan kənarda yaşayan bir iş adamının, diaspor liderinin ordumuza bu dəstəyinin mənəvi yükü, maddi dəyərindən dəfələrlə çoxdur. Bu yalnız həmin qazi ailələrinə bəxş edilən bir sevinc payı deyil, həm də onun tərəfindən Azərbaycanda diasporun dövlətlə birliyini ifadə edən həmrəylik mesajı, düşməni özündən çıxaran gözdağıdır.

Öz fəaliyyəti ilə Azərbaycan diaspor siyasətinin liderlərindən biri olmaq haqqını çoxdan qazanan Fizuli Məmmədov son illər reallaşdırdığı təmənnasız bildiyimiz və bilmədiyimiz onlarla dəstək aksiyaları ilə həm də xalqımızın xeyriyyəçilik ənənələrinin öncülünə, simalarından birinə çevrilib.

//Editor.az