Azərbaycan turizminin cənnəti- “Xəzri”

16:45 | 10.08.2018

Son illər Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Hər il yüzminlərlə turistin ölkəmizə səfəri, Azərbaycanın gəzməli-görməli yerlərini ziyarət etməsi buna bariz nümunədir.

Ölkəmizin turizm obyektlərindən danışarkən Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi adının üzərindən sükutla keçmək olmur. Paytaxtın Zuğulba qəsəbəsində, Xəzər dənizinin sahilində inşa olunan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi 14 hektara yaxın ərazini əhatə edir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 10 dəqiqəlik məsafədə yerləşən Mərkəz bu baxımdan xaricdən gələn turistlər üçün daha əlçatandır.

Mərkəzin əsas binasında hər cür mebel və avadanlıqlarla təhciz edilmiş 108 standart, 9 suit, 1 prezident nömrəsi, bundan başqa dəniz kənarında ikimərtəbəli 8 kottec istirahət edənləri ən yüksək səviyyədə qarşılamağa hazırdır. 24 saat ərzində qeydiyyatın aparıldığı mərkəzdə qadınlar və kiçik yaşlı uşaqları olan müştərilər üçün elektrik gəzinti avtomobilləri ayrılıb. Əsasən təbii müalicə pereparatları və reabilitasiya prosedurlarından istifadə edən mərkəz bunun üçün ən yeni model fizioterpevtik aparatlarla təhciz edilib.

Təkcə xarici deyil, həm də yerli turistlərin böyük maraq göstərdiyi “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi bölgənin ən iri turizm mərkəzlərindən biridir. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyevin turizmin inkişafı ilə bağlı çağırışlarını özünün əsas fəaliyyət istiqamətinə çevirən Mərkəz günü-gündən müasirləşməklə, müasir dövrün tələbləri ilə ayaqlaşa bilir. Məhz bunun nəticəsidir ki, Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən mərkəzə üz tutan qonaqların sayı günü-gündən artır.

Sosial məsuliyyət prinsipini heç zaman diqqətdən kənarda qoymayan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin fəaliyyəti Ziyalı Qadınlar Klubu tərəfindən də böyük diqqət və minnətdarlıqla qarşılanır.

//Editor.az