Azərbaycanda 22 qanunsuz miqrant saxlanılıb

16:54 | 29.01.2018
Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 10 nəfər Türkiyə Respublikası, yeddi nəfər Pakistan İslam Respublikası, dörd nəfər Hindistan Respublikası və bir nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə 22 əcnəbi saxlanılıb.
DMX-nin mətbuat xidmətindən Editor.az-a verilən məlumata görə, araşdırma zamanı ölkədə qanunsuz yaşadıqları üçün saxlanılmış doqquz nəfər Türkiyə vətəndaşının külli miqdarda pul qarşılığında Avropaya göndərilmək məqsədilə Türkiyədə yaşayan Kenan Durmuş tərəfindən Azərbaycana gətirildiyi məlum olub.
Belə ki, Kenan Durmuş Azərbaycanda yaşayan iş adamı Süleyman Kayıkçıoğluna inşaat sahəsində birgə işləməyi vəd edib. O, Süleyman Kayıkçıoğluna məxsus “İNSMARK” şirkəti tərəfindən qeyd olunan doqquz nəfər əcnəbiyə iş və müvəqqəti yaşama icazəsi alınmasını təşkil edib, bundan sonra müxtəlif yollarla həmin şəxslər üçün Avropa ölkələrinə viza almağa cəhd göstərib.
Lakin DMX tərəfindən əcnəbilərin faktiki olaraq “İNSMARK” şirkətində işləmədikləri aşkarlanıb, onların yalan məlumat verməklə iş və müvəqqəti yaşama icazələri aldıqları müəyyən edilib. Bununla da, əcnəbilərə verilmiş vəsiqələr ləğv olunub.
Azərbaycanda müvafiq yaşama icazələri ləğv edilmiş əcnəbilər Kenan Durmuşun təkidilə Avropaya göndəriləcəklərinə inanaraq, müxtəlif ünvanlarda gizlənməklə Azərbaycanı tərk etməkdən boyun qaçırıblar. Lakin keçirilmiş tədbirlər nəticəsində həmin əcnəbilər saxlanılıb.
Saxlanılan digər əcnəbilərdən, ölkəyə gəlmiş bir nəfər Türkiyə vətəndaşı, dörd nəfər Hindistan vətəndaşı və yeddi nəfər Pakistan vətəndaşı, bir nəfər Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları müəyyən edilib.
Qeyd olunan əcnəbilərin qanunsuz əməlləri tam sübuta yetirilib və faktlar öz təsdiqini tapıb.