Azərbaycanda dəhşətli yanğın: ana, 3 övladı və bacısı yanaraq öldü

10:12 | 14.11.2018
Daşkəsən rayonunda dəhşətli yanğın hadisəsi olub.
Editor.az “Report”a istinadən xəbər verir ki, rayonun Quşçu kəndindəki evlərdən birində baş vermiş yanğın zamanı 5 nəfər həyatını itirib.
Ölənlər arasında 1, 6, 8 və 11 yaşlı dörd uşaq var:
Tağıyeva Sevinc Şahin qızı, 1990
Tağıyeva Aysun Asim qızı, 2010
Tağıyev Sakit Asim oğlu, 2012
Tağıyev Sadiq Asim oğlu, 2017
Ədilxanova Günel Qoşqar qızı, 2007
Artıq yanğının bəzi təfərrüatları məlum olub. Yanğın rayonun Quşçu kənd sakini, 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə baş verib.
Hadisə zamanı ev sahibi həyat yoldaşı Gəncə şəhərində xəstəxanada müalicə aldığı üçün onun yanında olub. Yanğın zamanı ölən 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızının anası, ev sahibinin qızı da anasının yanında olduğuna görə, övladını ata evinə aparıb və qardaşı Asim Tağıyevin yanına qoyub. Dünən axşam saatlarında isə Asim mal-qarasının gəlmədiyini görüb, meşəyə heyvanatın dalınca gedib. Lakin mal-qaranı orada tapmayan Asim gecə saatlarında onları axtarmağa başlayıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb.
Yanğın baş verən zaman evdə onun həyat yoldaşı Sevinc Tağıyeva, 3 övladı və 1 baldızı qızı olub. Qadın və uşaqlar yatdığı üçün yanğından xəbərləri olmayıb. Yanğın evdə quraşdırılan odun sobasından başlayaraq evə yayıldığı ehtimal edilir.
Yanğın zamanı ev tamamilə yararsız vəziyyətə düşüb və ətrafdakı qonşular yanğından yalnız evin çardağında olan materialın (şiferin) parçalandığı an səsinə oyanıblar. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb və yaxınlıqda olan 2 tövlə yanğından mühafizə edilib.