Beynəlxalq təhsil sektoru İstanbulda bir araya gəlir-EURİE-2018

07:46 | 04.02.2018

Avrasiya Ali Təhsil Zirvəsində Azərbaycandan da bir sıra universitetlər iştirak edəcəklər

İstanbul beynəlxalq təhsillə bağlı olduqca mühüm tədbirə ev sahibliyi etməyə hazırlaşır. EURİE- 2018 Avrasiya Ali Təhsil Zirvəsi bu il daha böyük, yenilikçi və perspektiv vəd edən bir proqram vəd edir.
Türkiyə ali təhsil sisteminin beynəlxalq miqyasda mövqelərinin möhkəmləndirilməsi, qardaş ölkənin ali təhsil sektorunun bir mərkəz halına gəlməsini hədəfləyən Zirvə son üç ildə ənənəvi olaraq, DEİK və Avrasiya Universitetlər Birliyinin(EURAS) birgə əməkdaşlığı ilə baş tutacaq. Editor.az xəbər verir ki, 14-16 Fevral tarixlərində Lütfi Kırdar Konqress Mərkəzində keçiriləcək. EURİE 2018 Zirvəsinə dünyanın nüfuzlu universitetləri, elm xadimləri, təhsil adamları qatılacaq. Açılış mərasiminə İran, Malaziya, Tunis, Əlcəzairin elm və təhsil nazirlərinin qatılacağı proqnozlaşdırılan zirvədə 200 universitet stendi, 42 panel, seminar və dəyirmi masadan formalaşan zəngin bir proqram olacaq. Zirvədə eyni zamanda 2500-dən artıq universitet təsisçisi, rektoru, prorektoru, alim və beynəlxalq təhsil ekspertləri iştirak edəcək.
Zirvə çərçivəsində ali təhsil pilləsində beynəlxalqlaşma, innovasiya, keyfiyyət zəmanəti, beynəlxalq təhsil və araşdırma proqramları kimi mövzular önəmli təhsil qurumları və şəxsləri tərəfindən müzakirə ediləcək.

EURİE- 2018 çərçivəsində eyni zamanda 13-15 fevral tarixlərində İstanbulda Türk-Ərəb Universitetləri Konqresi keçiriləcək. Konqresdə Ərəb Universitetlər Birliyinin 100 üzvü və 200-dən artıq rektor, elm xadimi iştirak edəcək.

Təhsilin davamlı sülhün təmin edilməsi və gələcək nəsillərin formalaşmasında mühüm rol oynadığı bir dünyada EURİE-2018 Avrasiya bölgəsində iştirakçılar üçün dünyanın hər yerindən müxtəlif qurumlarla yeni və əhəmiyyətli əməkdaşlıqlar qurmaq imkanı yaradacaq.

Qeyd edək ki, EURİE- 2018 Avrasiya Ali Təhsil Zirvəsində Azərbaycandan da bir sıra universitetlər, rektorlar iştirak edəcəklər.

Zirvə ilə bağlı əlavə məlumat üçün www.eurieeducationsummit.com saytını ziyarətə edə və iştirakçı olaraq qatılmaq üçün iştirakçı formunu doldurmaqla EURİE komandasına(eurie@eurieeducationsummit.com ) müraciət edə bilərsiniz.

//Editor.az