Bu dövlətlərin vətəndaşlarına Azərbaycanda təhsil almaq üçün qrantlar veriləcək – SƏRƏNCAM

17:20 | 07.12.2017

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb.

Editor.az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, 2018-ci ildən başlayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilib.

Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş təhsil alanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılıb.

Həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.

Nazirlər Kabineti sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş təhsilalanlar üçün təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini iki ay müddətində təsdiq, prezidentin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlayıb və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi 3.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin Nazirlər Kabinetinə tapşırılıb.

Xarici İşlər Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müəyyənləşdirməlidir.

Təhsil Nazirliyi bu Sərəncamın 4-cü hissəsinə uyğun olaraq müəyyənləşdirilmiş siyahı üzrə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarının təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini müəyyən etsin və onlara növbəti ildən başlayaraq dövlət hesabına təhsil qrantı ilə əhatə olunan xərclərin ödənilməsini təmin etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli digər aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Sərəncamın 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı ilə bağlı xərclərin müvafiq illərin dövlət büdcələrində nəzərə alınmasını təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.