Dəmiryolu vağzalındakı “TASTE”də marixuana izi- DİSKO, QƏLYAN, SPİRTLİ İÇKİ MƏKANI

15:39 | 14.11.2017

“TASTE” restoranı az qala paytaxtın kriminal məkanına çevrilməkdədir.

 

Son 1 ildə Dövlət Dəmiryolu İdarəsində köklü şəkildə yenidənqurma işləri gedir. Bu günlərdə istifadəyə verilən Bakı-Tbilisi-Qars beynəlxalq dəmiryolu layihəsi isə bu inkişafın bariz nümunəsi idi. Uzun illər tamamilə yararsız vəziyyətdə olan Dəmiryolu Vağzalı isə sözün əsl mənasında inkişaf dövrünü yaşayır. ASAN xidmətin burada yerləşməsi isə vətəndaşlara göstərilən innnovativ xidmətin ən bariz nümunəsidir.

Amma və lakin…

Redaksiyamıza daxil olan növbəti məlumat bütün bu inkişafı az qala gözdən salma ərəfəsindədir. Söhbət yeni istifadəyə verilmiş Dəmiryolu Vağzalında yerləşən “TASTE” restoranından gedir. Özünü restorandan çıxan işçi kimi təqdim edən mənbənin verdiyi məlumata görə restoranda baş verən “çirkli” proseslər onu işdən ayrılmağa vadar edib. Məlumatda qeyd olunur ki, ölkə rəhbərliyi tərəfindən əhaliyə yüksək xidmət baxımından verilən tapşırıqları burada qulaq ardına vururlar.
Bu azmış kimi “TASTE” restoranı az qala paytaxtın kriminal məkanına çevrilməkdədir.

Qatarların 24 saat hərəkətdə olmasından istifadə edən restoran da 24 saat rejimi ilə fəaliyyət göstərir. Müştərilərinin böyük əksəriyyətinin gənclər olduğunu deyən mənbə burada cənub regionundan gələn marixuanalardan istifadə olunduğunu iddia edir. Aydın məsələdir ki, ASAN xidmətlə yan-yana olan bir restoranda spirtli içki, qəlyan, diskoteka birmənalı şəkildə qadağan edilib. Lakin bu mənzərəni “TASTE”də hər gün yaşamaq mümkündür. Bu həm sağlam gəncliyin məhv edilməsinə, həm də ölkəmizin beynəlxalq dəmiryolu vağzalının imicinə ciddi şəkildə ziyan gətirməkdədir. Artıq “gecə diskotekaları”, “sərxoş gənclər”, “hallanmış” müştərilərə görə ətraf yaşayış yerlərindən aidiyyatı qurumlara dəfələrlə şikayətlər daxil olub. Mənbə qeyd edir ki, kriminal yolla külli miqdarda vəsait qazanan restoran rəhbərliyi sakinlərin narazılığını pul hesabına “boğmağı”bacarır.

Mövzunu diqqətdə saxlayacağıq…

//İnterpress.az