Deputat hazırlıq kurslarını hədəfə aldı, abituriyentlərə çağırış etdi

22:41 | 18.04.2018

Azərbaycanda yüzlərlə hazırlıq və dil kursu var. Araşdırmalara əsasən, onların hamısı haqda müsbət fikir söyləmək olmaz. Hətta əksəriyyəti ciddi tənqid olunmalıdır.

Əksər kurslar insanlara təhsil vermək əvəzinə, ancaq şagird, abituriyent və tələbələrdən pul yığmaqla məşğuldur. Təbii ki, bu halda verdikləri təhsilin səviyyəsindən danışmağa dəyməz. Hətta araşdırsaq, görərik ki, bəzi kursların lisenziyası belə, yoxdur. Həmçinin, bir çox kurslarda çalışan müəllimlərin bəzilərinin pedaqoji savadı yoxdur, onların əksəriyyəti də elə həmin kurslarında bir neçə ay oxuyub, “sertifikat” almış şəxslərdir.

Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva Modern.az-a açıqlama verib.

Deputat da bildirib ki, Bakıda addımbaşı dil kurslarının olduğunu görürük.

“Amma bu kursların səviyyələri hər yerdə eyni deyil. Yüksək, orta, hətta aşağı səviyyədə  fəaliyyət göstərən dil kursları  var.  Bu kurslarda isə yaş məhdudiyyəti yoxdur. Kiçik yaşdan tutmuş, yaşı çox olan şəxslər də bu kurslarda dil öyrənirlər. Amma əfsuslar olsun ki, hər yerdə təhsilin səviyyəsi yüksək deyil. Ona görə də, hər bir şəxs seçimi özü etməlidir”.

Abituriyent hazırlığı kurslarına gəlincə isə deputat Kamilə Əliyeva bildirib ki, insanlar daha çox Dövlət İmtahan Mərkəzinin (DİM) nəzdində olan kurslara üstünlük versinlər.

“Çünki həmin kurslarda mütəxəssislər fəaliyyət göstərirlər. Həm də orada abituriyenlərə testlərlə necə və hansı qaydada işləmək qaydası öyrədilir. Bundan əlavə, bu hazırlıq kursları DİM-in nəzdində olduğu üçün ona nəzarət edilir. Digər kurslara isə nəzarət edilmir. Bizdə bununla bağlı qanunvericilikdə də maddə və yaxud qeyd yoxdur. Ona görə də həmin kurslarda təhsilin keyfiyyətinə Təhsil Nazirliyi tərəfindən nəzarət edilə bilmir. Çünki belə kurslar fərdi qaydada açılır. Fərdi qaydada açılan kurslara Təhsil Nazirliyinin nəzarət etməsi mümkünsüz bir şeydir.

Ona görə də mən bir təhsil işçisi kimi insanlarımıza DİM-in nəzdində fəaliyyət göstərən kurslara üstünlük verməyi tövsiyə edirəm. Həmçinin, təbliğat işinin də aparılmasına böyük ehtiyac var. Çünki valideyn bilmir, harada bir elan görürsə, uşağını aparıb ora qoyur. Ölkəmizdə fəaliyyət göstərən kursların sayı çoxdur. Amma az olsun, keyfiyyət çox olsun”.