Deputat: “Paşinyan verdiyi vədlərinə əməl etmədiyi üçün pis vəziyyətdə qalıb”

18:13 | 10.10.2018

Millət vəkili Eldəniz Səlimovun müsahibəsi

– Eldəniz müəllim, Ermənistanda siyasi böhran kritik xarakter almaqdadır. Baş verənlər Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnə bilərmi?

– Hər zaman Ermənistanda siyasi liderlər müxtəlif iyrənc metodlardan istifadə etməklə hakimiyyətə gəlməyə çalışıblar. Köçəryan və Sarkisyan da bu üsulla hakimiyyətə gəliblər. Paşinyan hakimiyyətə gələndə verdiyi vədlərinə əməl etmədiyi üçün pis vəziyyətdə qalıb. Ona görə də, kimə nə söz veribsə onu yerinə yetirmək üçün yenidən küçələrə çıxır, parlament binasını mühasirəyə alır. Məqsəd istədiyini deputatlar vasitəsi ilə yerinə yetirməkdir. Deputatlara təzyiq göstərməklə parlamentin buraxılması qərarını əldə etməyə çalışır. Paşinyan siyasətçi deyil ona görə də tez-tez istiqamətlərini dəyişir, sonda çıxılmaz vəziyyətdə qalır. Paşinyan xalqını aldatmaqla hakimiyyət müddətini uzadır.

– Siyasi qarşıdurmadan daha çox əziyyət çəkən, belinə zərbələr dəyən sadə ermənilər olduğunu demək olar?

– Ölkədə baş verən qarşıdurmalarda həmişə xalq əziyyət çəkir. Paşinyan, Köçəryan, Sarkisyan qarşıdurması yenidən ölkəni qarışdırdı. Hələ də, hakimiyyətin müəyyən qollarında təmsil olunan Köçəryan və Sarkisyan tərəfdarları Paşinyanın istədiklərini yerinə yetirmirlər. Paşinyan mitinqdə nazirləri, qubernatorları işdən çıxarmaq haqqında qərar qəbul etməklə qarşıdurmanı daha da sürətləndirib. Bu məsələlərin axırı vətəndaş qarşıdurmasına gətirib çıxara bilər.

– Vətəndaş müharibəsi baş verərsə, bu Dağlıq Qarabağda atəşkəsin pozulmasına gətirib çıxara bilərmi?

– Paşinyan xalqın başını qatmaq üçün Dağlıq Qarabağ kartından da istifadə edir. Cəbhədə gərginlik yaradır, təxribatlar törədir və atəşkəs pozulur. Bu onun ən tez təsir göstərən metodudur. İnsanların sarı siminə toxunur. Demək olar ki, Paşinyan bütün metodlardan istifadə etməklə hakimiyyətini saxlamağa çalışır. Amma onun bu metodu da tükənəcək və beləliklə də o siyasətlə xüdafizləşməli olacaq.

//SİA