Deputat Xətai sakinlərinin evlərini əllərindən aldı

02:35 | 20.09.2017

Milli Məclisin deputatı İqbal Məmmədov Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanındakı 4 saylı çoxmərtəbəli binada yerləşən üç-, dörd- və beşotaqlı üç mənzili sahiblərinin əlindən alıb. Bu haqda Nərimanov Rayon Məhkəməsində qərar çıxarılıb.

Deputat iddia edir ki, 2008-ci ildə müqavilə bağlayıb, 654 min dollar pul verib həmin üç mənzili alıb. Ona görə də sözügedən mənzilləri 2007-ci ilin martında müqavilə bağlayıb almış, təmir edib orada yaşayan şəxslərdən alınıb ona verilməsini istəyirdi. Deputat öncə Xətai Rayon Məhkəməsinə müraciət etsə də, iddiası təmin olunmamışdı. Məhkəmə evlərin orada yaşayan sahiblərinin əlindən alınması məsələsində deputata «yox» desə də, vaxtilə ödədiyi 654 min dolların o zaman müqavilə bağladığı «STS» şirkətindən alınıb ona qaytarılması haqda qərar çıxarmışdı.

Məhkəmə buna əsaslanıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində «STS» şirkətinin F.Bayramov küçəsində bina tikməsi haqda heç bir sənəd yoxdur. O binanın «Sahil-D Company»nin hesabına tikilməsini sübut edən çoxsaylı sənədlər var.

DEPUTATLA KOMİTƏ SƏDRİNİN QAYNI ARASINDA MÜQAVİLƏ

Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamından görünür ki, binanın ərazisi «ISR Holding»ə, o ərazidə binaların tikilməsi və mənzillərin satılması hüququ isə yalnız «Sahil-D Company» MMC-yə məxsusdur. Bu şirkət də mübahisə predmeti olan mənzilləri deputata yox, hazırda orada yaşayan adamlara satıb, onlarla müqavilə bağlayıb. İ.Məmmədov isə müqaviləni «STS» şirkətinin icraçı direktoru kimi Məzahir Cəfərovla bağlayıb.

2015-ci ildə M.Cəfərov haqqında cinayət işi başlanıb, o, «STS» şirkəti adından müxtəlif adamlara mənzil satmaqla dələduzluq etməkdə suçlanıb. Bir müddət sonra – 2015-ci ilin iyununda M.Cəfərov intihar edib. Ölümü ilə əlaqədar onun haqqında cinayət işinə xitam verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2015-ci il tarixli hökmündə də Cəfərovun «STS» şirkəti adından ayrı-ayrı şəxslərə mənzil satması məsələsi öz əksini tapıb.

M.Cəfərov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır.

DEPUTATIN ŞİKAYƏTÇİ OLDUĞU ŞİRKƏT İBRAHİMOVLARIN İMİŞ…

Xətai Rayon Məhkəməsinin qərardan narazı qalan deputat İ.Məmmədov ondan apellyasiya şikayəti verməklə yanaşı, həm də Nərimanov Rayon Məhkəməsində ayrıca iddia qaldırıb. İddiasında da üç mənzilin boşaldılaraq ona verilməsini istəyib.

Deputat iddiasını belə əsaslandırıb ki, həm «STS», həm də «Sahil-D Company» eyni adamlarındır, şirkətlərin hüquqi ünvanı da eynidir – Nərimanov rayonu, Teymur Əliyev küçəsi, məhəllə 1104.

1999-cu ildə yaradılmış «STS» şirkətinin təsisçiləri «Nehrəm Holdinq Kompani» və Sahib İbrahimov olub. S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşıdır. 26 aprel 2011-ci ildən şirkətin qanuni təmsilçisi isə S.İbrahimovun qaynı Taleh Abdullayev olub. 2004-cü ildə yaradılmış «Sahil-D Company»nin təsisçisi də T.Abdullayev olub. O, 2015-ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə məhkum olunub. O, məhkəmədə ifadəsində deyib ki, hələ 2007-ci ildə «Sahil-D Company»nin 25 faizini yeznəsi S.İbrahimova, 45 faizini İlham Qasımov (MTN generalı Akif Çovdarovun işində zərərçəkmişdir, özü də milyonçu şair Gülağa Tənhadan birgə bina tikintisi adıyla 19 milyon pul alıb aldatmaqda təqsirli bilinərək 13 il həbs cəzası alıb) və digərlərinə satıb. Satandan sonra da bütün vəzifə və öhdəliklərini itirib.

Nərimanov Rayon Məhkəməsində deputatın iddiasına hakim Abbas Əliyev baxıb. «STS» və «Sahil-D Company» ilə yanaşı, həm də deputatın tələb etdiyi üç mənzili vaxtilə alıb, təmir edib və bir neçə ildir orada yaşayan şəxslər də cavabdeh qismində tanınıb.

VƏTƏNDAŞLAR MƏNZİLLƏRİNDƏN ÇIXARILDI, EVLƏRİ DEPUTATA VERİLDİ

Hakim deputatın iddiasını təmin edib, cavabdehlərin 2007-ci ildə mənzil almaq üçün «Sahil-D Company» ilə bağladıqları müqavilə etibarsız hesab olunub.

«F.Bayramov küçəsi 1156 ünvanında 4 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157.6 kvadratmetr olan 3-otaqlı, 88 saylı mənzilin satışı üçün Sərdar Əliyevlə, 17-ci mərtəbədə yerləşən, ümumi sahəsi 191.4 kvadratmetr olan 4-otaqlı, 74 saylı mənzilin satışı üçün Əliağa Məmmədovla, 18-ci mərtəbədə yerləşən 226.6 kvadratmetrlik 5-otaqlı, 80 saylı mənzilin satışı üçün Şakir Məmmədovla bağlanmış müqavilələr etibarsız hesab olunsun. Müqaviləyə əsasən, «Sahil-D Company»yə ödədikləri 110 min manat Sərdar Əliyevə, 133 min 980 manat Əliağa Məmmədova, 158 min 620 manat Şakir Məmmədova şirkət tərəfindən qaytarılsın. Mənzillər boşaldılaraq, İqbal Məmmədovun sahibliyinə və istifadəsinə verilsin», – məhkəmənin qərarında belə yazılıb.

«DEPUTATA GÖRƏ VƏTƏNDAŞLARIN HÜQUQLARI POZULDU»

Bu qərardan mənzillərin sahibləri də, «Sahil-D Company» də narazı qalıb. Sərdar Əliyevin vəkili Bəxtiyar Hacıyev AzadlıqRadiosuna qərarın qanunsuz və əsassız olduğunu, apellyasiya şikayəti verəcəklərini bildirib:

«Əvvəla, deputat bu məsələni mübahisələndirmək üçün iddia müddətini ötürüb. Biz bu məsələni məhkəmədə də qaldırdıq, təəssüf ki, hakim əhəmiyyət vermədi. İkincisi, mübahisə predmeti olan mənzillər başqalarının, o cümlədən hüquqlarını müdafiə etdiyim Sərdar Əliyevin mülkiyyətində ola-ola səlahiyyəti olmayan «STS» şirkəti onu İqbal Məmmədova satıb. Ona görə də məsuliyyəti qanuni yolla mülkiyyətə sahib olmuş vətəndaşlar yox, «STS» şirkəti daşımalıdır. Bu halda İqbal Məmmədovla «STS» şirkəti arasında bağlanmış müqavilə etibarsız hesab olunmalıdır. Xətai Rayon Məhkəməsi də qanunun tələbinə əsaslanaraq, belə qətnamə çıxarmışdı. Təəssüf ki, Nərimanov Rayon Məhkəməsində deputata görə vətəndaşların mülkiyyət hüququ pozuldu».

//aztoday.az