Deputatlar səsvermədə niyə iştirak etmir?-ÖZLƏRİ CAVAB VERİR

18:03 | 17.10.2018

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Oqtay Əsədov parlamentin dünən keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib. İclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirə üçün əsas kimi qəbul edilməsi ilə bağlı səsvermədə yetərsay alınmayıb.

Belə ki, səsvermədə 79 deputat iştirak edib.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, səsvermə zamanı diqqətli olmaq lazımdır: “Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”.

Xatırladaq ki, bu Milli Məclis rəhbərliyi tərəfindən deputatlara son bir ayda edilən üçüncü xəbərdarlıqdır.

Editor.az məsələ ilə bağlı Milli Məclisin deputatları ilə danışıb və onlardan “Millət vəkilləri parlamentin işində niyə aktiv iştirak etmirlər?” sualına cavab istəyib.

Millət vəkili Xanlar Fətiyev deyib ki, o Milli Məclisin bütün iclaslarında və səsvermələrdə yaxından iştirak edir. O, spikerin fikirləri ilə bağlı əlavə açıqlama üçün yazılı sual göndərməyimizin lazım olduğunu bildirib.

Millət vəkili Dilarə Cəbrayılova isə əməkdaşımızın sualları qarşısında təzadlı cavablar verib. Millət vəkili öncə Oqtay Əsədovun fikirlərinə münasibət bildirərək, “Spiker nə deyirsə, elədir” deyə cavab verib. Daha sonra isə “vallah, deputatlar Milli Məclisin işinə laqeyd yanaşmır. Yəqin ki, nəsə olub” deyə gülərək cavab verib.
Dilarə Cəbrayılova özünün deputat olduğu bu müddətdə heç vaxt Milli Məclisin iclaslarından yayınmadığını qeyd edib.

Millət vəkili Nəriman Əliyev də Milli Məclisin bütün iclaslarında və səsvermələrdə yaxından iştirak etdiyini deyib.