DYP rəisi piyada zolağında gənc qızın üzərindən keçdi?-İDDİA

01:46 | 15.12.2017

Gəncə şəhər Dövlət Yol Polisi idarəsinin rəisi Rəhim Zalov idarə etdiyi avtomobillə qəza törədib. Hurriyyet.org-a verilən məlumata əsasən, hadisə Gəncə şəhər Heydər Əliyev prospektində, Mərkəzi Univermağın qarşısındakı işıqforda baş verib.

Məlumata əsasən, polis rəisi R.Zalov qaydaları kobud şəkildə pozaraq, idarə etdiyi 20-YP-030 dövlət nişanlı avtomobillə işıqforun qırmızı işığında hərəkət edib. Bu zaman piyada zolağında yolu keçmək istəyən yeniyetmə qızın üzərindən keçib.

Hadisə şahidləri bildirir ki, təxminən 20-22 yaşlarından olan qız qəza zamanı polis rəisinin avtomobilinin altında sürüklənib. Qəzadan dərhal sonra təxminən 20-nəfərə yaxın şəxs Gəncə DYP-yə məxsus BMW markalı avtomobili yuxarı qaldıraraq, qızı altından çıxarıblar.

Məlumata görə, qızı avtomobilin altından çıxaranlardan biri də Rəhim Zalov olub. Rəis üst-başı qanlar içərisində olan qızı qucağına alaraq avtomobilə qoyub və 3 saylı şəhər xəstəxanasına aparıb.

Hurriyyet.org-un müxbiri Gəncənin 3 saylı şəhər xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxananın Travmatologiya şöbəsindən bildiriblər ki, onlara belə bir xəstə daxil olmayıb.

Gəncə şəhər Səhiyyə İdarəsindən də sözügedən qəza və bu zaman vurulan qızın hansı xəstəxanaya aparıldığı haqda məlumatsız olduqlarını deyiblər.

Öz növbəsində, Daxil İşlər Nazirliyinin mətbuat xidmətindən də Hurriyyet.org-a məlum qəza ilə bağlı onlara heç bir məlumat daxil olmadığını və deyilən faktla bağlı araşdırılma aparılacağını bildiriblər.

//Hurriyyet.org