Eldar Əzizov Bakının çətin problemlərini həll etməlidir – Deputatların yeni merdən gözləntiləri

15:47 | 16.11.2018

Prezident İlham Əliyev dünən Eldar Əzizovla bağlı sərəncam verib.

Sərəncama görə, Eldar Əziz oğlu Əzizov Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, E.Əzizov bu il iyulun 16-dan Bakı Şəhəri İcra Hakimiyyəti başçısının müavini kimi mer səlahiyyətlərini icra edirdi.

Xatırladaq ki, 2001-ci ildən Bakının icra başçısı vəzifəsini tutan Hacıbala Abutalıbov 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərindən sonra Baş nazirin müavini vəzifəsinə aparılmışdı.

Milli Məclisin deputatları modern.az-a Bakının yeni meri Eldar Əzizovdan gözləntiləri barədə danışıblar.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev təyinatı alqışladığını dilə gətirib:

“Eldar Əzizovun Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunmasını alqışlayıram. Çünki Eldar Əzizov əsl icra başçısıdır. O, əvvəllər də bu sahədə çalışıb. Hərtərəfli olaraq ömrü boyu müxtəlif icra strukturlarında işləyib. Eldar müəllim icra başçısı kimi çalışdığı dönəmlərdə haqqında hər zaman müsbət fikirlər səsləndirilib. Ona Bakının həvalə olunması böyük dəyərdir. Eldar Əzizov bu sahə üzrə mütəxəssisdir və cənab Prezidentin təyin etdiyi ən yaxşı kadrlardan biridir. Ona uğurlar arzulayıram. Bildiyiniz kimi, Bakinin problemləri də çoxdur. Ümid edirəm ki, bu problemlər həllini tapacaq. Bilirəm ki, o, mətbuata və adi vətəndaşlara da açıq insandır. Keçmiş rəhbərliyin isə arxasınca danışmaq istəmirəm”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı Eldar Əzizovu çoxdan tanıdığını bildirib:

“Eldar Əzizovu gəncliyindən tanıyıram. Vaxtilə ayrı-ayrı tədbirlərdə iştirak etmişik. Kifayət qədər intellekti, Azərbaycanın müstəqilliyinə bağlı, ulu öndərimizin ideyalarına sədaqətli ilə tanınan məmur kimi hər zaman özünü ifadə edib. Gördüklərim budur və etiraf edirəm. Eyni zamanda, xatırlayıram ki, İlham Əliyevin keçən əsrin axırlarından başlayaraq yüzilliyin əvvəllərində onunla bağlı gedən təbliğat prosesində çox fəal rol oynayanlardan biri idi. Biz də həmin təbliğat prosesində yer almışdıq. Müxtəlif səviyyəli toplantılarda, mətbuatda Eldar Əzizovun çox maraqlı fikirləri səsləndirilib.Heydər Əliyevdən sonra hakimiyyətin siyasi varisinin təmin olunmasında maraqlı fikirlər söyləyirdi. Bunların hamısını yaxşı xatırlayıram. Sonrakı illərdə o, idarəçilik sisteminə cəlb edildi və işlədiyi sahələrdə məmur olaraq müsbət imic formalaşdırdı. İstər Nizami rayonunda, istər Gəncə şəhərində, istər Sumqayıtda, istərsə də Bakı şəhərində işlədiyi vaxtlarda özünü xalqa açıq və peşəkar məmur kimi təqdim edib. İndiyə qədər adının korrupsiyada hallandığı barədə hər hansı informasiyaya malik deyiləm. Düşünürəm ki, bütün bunları nəzərə alan cənab prezident ona çox böyük etimad göstərdi və Bakı şəhərinə başçı təyin etdi. Fikrimcə, uğurlu təyinatdır. Bir vətəndaş, millət vəkili olaraq mövqeyim budur. Əminəm ki, Eldar Əzizov qazanmış olduğu təcrübədən bəhrələnərək söykənmiş olduğu dəyərlərə sədaqət nümayiş etdirərək bundan sonra dövlətimizə və xalqımıza xidmət edəcək. Cənab prezidentimizin ona bəsləmiş olduğu yüksək etimadı doğruldacaq. Hər halda, gözləntilərim budur”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa Bakıya yeni başçı təyinatı ilə bağlı bəzi məqamları açıqlayıb:

“Çox güman ki, prezidentin bu təyinatında təcrübə faktoru rol oynayır. Eldar Əzizov uzun müddət Gəncə, Sumqayıt kimi iri şəhərlərdə icra başçısı işləyib. Bundan başqa, Nizami və Səbail rayonlarında da çalışıb. Bunlar kifayət qədər böyük təcrübədir. Güman ki, prezident bu amili nəzərə alaraq Bakı kimi böyük şəhərin problemlərinin həlli istiqamətində onun namizədliyini dəstəkləyib. Hər halda, bu təyinata müsbət yanaşıram. Hesab edirəm ki, bu təyinat müəyyən mənada ölçülüb-biçilib. Bakı infrastruktunun idarə olunmasına müəyyən dərəcədə daha hazırlıqlı yanaşma tələb edən seçim olaraq irəli sürülüb. Düşünürəm ki, Bakının ağırlığını ortadan qaldırmaq üçün Bakı bələdiyyəsinin seçilməsi də vacibdir. Çünki bütün bu məsələləri merin üzərinə yönəltməklə problemləri həll etmək mümkün deyil. Bu gün Bakının ən başlıca problemlərindən biri kanalizasiya, su, tıxac problemidir. Həmçinin şəhərsalma vəziyyəti də bərbaddır. Bunları yenidən qaydaya salmaq olduqca çətindir. Çünki vaxtilə təmir işləri aparılanda bunları etmək lazım idi. Hesab edirəm ki, bu amillər əsas götürülüb. Ümid edək ki, bu təyinat özünü doğruldacaq. Açığı müəyyən sahələrdə uğurlu kadrlar seçilib təyin olunsa da, bəzən bu kadrlar arasında özünü doğrultmayanlar da olur. Ona görə də indidən nəsə söyləmək çətindir. Ümid edirəm ki, Eldar Əzizov özünün fərqli yanaşması, vətəndaşlara diqqəti ilə yaxşı izlər qoyacaq”.

//Milli.Az