Elmar Məmmədyarov Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini şərh edib

19:46 | 31.10.2017

“Mən Şimal-Cənub nəqliyyat dəhlizinin potensialına dərindən inanıram”. 

Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. E. Məmmədyarov bildirib ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən ilk görüşündə Bəndər-Abbasdan Sankt-Peterburqa qədər dəmir yolu xətlərinin birləşdirilməsi ilə bağlı ilkin müzakirələr aparılıb: “Bu nəqliyyat dəhlizi ilə Hindistan, o cümlədən Vyetnam kimi ixracatçılar maraqlanır. Hətta mən bilmirdim ki, Vyetnamın ixrac potensialı 204 milyard dollardır. Bundan 42 milyard dollar həcmində mal Avropa İttifaqı bazarlarına göndərilir.  Bu yüklərin dəniz yolu ilə göndərilməsi böyük vaxt və uzun məsafə qət etməyin hesabına başa gəlir. Gəmilər Hind okeanından, Süveyş kanalından, Aralıq dənizindən, Atlantik okeandan keçir, bundan sonra Baltik dənizinə çıxır və yalnız bundan sonra Sankt-Peterburqa çatır. Bu baxımdan Şimal-Cənub nəqliyyat dəhlizinin böyük potensialını görürük. Şimal-Cənub nəqliyyat dəhlizinin potensialı Çini Avropa İttifaqı ölkələri ilə birləşdirəcək Şərq-Qərb nəqliyyat dəhlizinin potensialından az deyil. Bizim üçün Mərkəzi Avropa böyük maraq kəsb edir. Məsələn, Polşa prezidentinin son səfəri zamanı Polşa rəhbərliyi, bu ölkənin xarici işlər naziri ilə Şimal-Cənub nəqliyyat dəhlizi geniş müzakirə olundu. Polşa da infrastrukturunun, dəmir yollarının Şimal-Cənub nəqliyyat dəhlizi ilə birləşdirilməsində çox maraqlıdır. Polşanın dəmir yolları xəttinin genişliyi bizim dəmir yolları xətinin genişliyi ilə üst-üstə düşür, dəmir yollarını birləşdirən zaman relslərin dəyişməsi də lazım olmayacaq. Biz məsələni bütün tədbirlərdə müzakirə edirik. GUAM-ın Tbilisidə keçirilən son toplantısında da bu məsələ diqqət mərkəzində oldu. Bu, gömrük, sərhəd, yük daşıyıcıların geniş əməkdaşlığını tələb edir ki, yüklərin daşınmasında vaxt itkisi minimum olsun. Burada tarif, gömrük rüsumları və digər məsələlər var. Xarici İşlər Nazirliyi kimi bizim üçün əsas odur ki, bir otaqda əsas oyunçular toplaşsın və tarif barədə danışmağı bacarsınlar”. Qeyd edək ki, E. Məmmədyarov bundan öncə noyabrın 1-də Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşündə Şimal-Cənub nəqliyyat dəhlizinin əsas müzakirə mövzusu olacağını bildirib.
//APA