Erməni vəhşiliyi barədə daha bir film – “Sərhəd”

00:10 | 11.11.2017

Erməni faşistlərinin qətlə yetirdikləri Zəhra Quliyeva və minlərlə günahsız körpələr haqqında çəkilən “Sərhəd” sənədli filminin təqdimatı keçirilib.

10 noyabr 2017-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi tərəfindən hazırlanmış “Sərhəd” sənədli filminin təqdimat mərasimi keçirilib. Film Azərbaycan Respublikasının yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ərsəyə gətirilib.

Təqdimat mərasimində əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, Xankəndi seçki dairəsindən seçilmiş millət vəkili Flora Qasımova, həmçinin QHT rəhbərləri, ölkənin aparıcı KİV əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

“Sərhəd” sənədli filmi işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs dövründə azərbaycanlı uşaqların öldürülməsindən bəhs edir. Filmdə vurğulanır ki. faşizm ideologiyasını dövlət səviyyəsində həyata keçirən Ermənistanın kriminal hərbi-siyasi rejimi körpələrin qətlə yetirilməsinə əmr verməklə Azərbaycan xalqına qarşı soyqırım siyasətini davam etdirir. “Sərhəd” sənədli filmində 4 iyul 2017-ci il tarixdə işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş 18 aylıq Zəhra Quliyevanın, 2011-ci ildə Ağdam rayonunun Orta Qərvənd kəndində erməni əsgərləri tərəfindən snayper gülləsi ilə vurulmuş Fariz Bədəlovun valideynləri, elə həmin ildə Tovuz rayonunun Əlibəyli kəndində erməni hərbçilərinin oyuncaqda gizlətdikləri qumbaranın partlaması nəticəsində həlak olmuş Aynur Şaxmalıyevanın anası danışır. Bundan əlavə, sənədli filmdə işğalçı Ermənistanın hərbi-siyasi rejiminin faşizm ideologiyası əsasında fəaliyyət göstərdiyini sübut edən arxiv materiallar da təqdim olunur.

Tədbirin aparıcısı Telman Qasımovun təklifi ilə faşizmin və terrorun qurbanları olmuş bütün uşaqların xatirəsini birdəqiqəlik sükutla yad edildi. Sükutdan sonra Telman Qasımov bildirdi ki, “Sərhəd” sənədli filmi faşist erməni rejimi tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların timsalında bütün dünyada insanlıq əleyhinə cinayətlərin qurbanları olan körpələrin xatirəsinə ithaf olunub.

“Sərhəd” sənədli filminin layihə rəhbəri Büllur Məmmədova isə qeyd etdi ki, film beynəlxalq təşkilatların körpələrin vəhşicəsinə qətlə yetirilməsinə biganə və laqeyd münasibətlərinə açıq etirazdır. Onun sözlərinə görə, artıq sənədli filmin rus və ingilis dillərində olan versiyaları da hazırdır.

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyi bu filmin beynəlxalq təşkilatlara və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinə çatdırılması üçün geniş fəaliyyət həyata keçirir”, deyən layihə rəhbəri onu da bildirdi ki, dünya birliyinin bu cür faciələrə sərt reaksiya verməməsi və əməli tədbirlər görməməsi nəticəsində Ermənistanın kriminal rejimi bu cür cinayətləri davam etdirir və təəssüf ki, davam da etdirəcək.

Bundan sonra “Sərhəd” sənədli filmi nümayiş olundu.

Ssenari müəllifi və rejissor Etibar Məmmədovun sözlərinə görə, bu günə qədər çoxlu sayda sənədli filmlər üzərində işləsə də, “Sərhəd”lə bağlı çəkilişlər aparmaq, erməni hərbçiləri tərəfindən qəsdən öldürülmüş körpə uşaqların valideynlərindən müsahibələr almaq mənəvi cəhətdən çox ağır idi. O, deyib ki, 18 aylıq Zəhra Quliyevanın qətli Xocalı, Qaradağlı, Meşəli, Ağdaban, hətta 1918-ci ildə azərbaycanlılara qarşı törətdilmiş soyqırımının davamıdır. “Bu siyasətin müəllifi dəyişməzdir və hər kəs onu tanıyır: Ermənistan və onun kriminal rejimi”.

//Yenicag.az