Heydər Əliyev Fondu adından dələduzluq edən şəxslərdən biri məhkəmə zalından azadlığa buraxılıb

17:33 | 13.10.2017
24 dəfə oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində özünü Heydər Əliyev Fondunun əməkdaşı kimi təqdim edərək, əlillərə qarşı dələduzluqda təqsirləndirilən Elnur Fərzəliyev, Ceyhun Bədəlov, Rəşad Abbasov və Azad Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elnur Fərzəliyev 8 il, Ceyhun Bədəlov 5 il, Rəşad Abbasov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Azad Fərzəliyev barəsində isə 2000 manat məbləğində cərimə cəzası kəsilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.

İttihama görə, təqsirləndirilən şəxs Elnur Fərzəliyev digər şəxslərlə cinayət əlaqəsinə girərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə, 2016-cı ildə internet saytları vasitəsilə övladının müalicəsi ilə bağlı maddi yardım ayrılması üçün Heydər Əliyev Fonduna müraciət edən Feyzullayev Fərhad Əli oğlunun mobil telefonuna zəng edərək, özünü guya Heydər Əliyev Fondunun işçisi kimi təqdim edib, sonuncunun müalicəsi ilə bağlı dövlət tərəfindən ona 1500 manat ayrıldığını yalandan bildirib, onu aldadaraq əvvəlcədən rüsum ödənilməsi adı ilə 152 manat pulu poçt vasitəsilə tanışı İsmayılov İsmayıl Qurban oğlunun adına göndərməsinə inandırıb. F. Feyzullayev pulu həmin şəxsin hesabına göndərib.

E. Fərzəliyev təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə “Facebook” sosial şəbəkəsində müalicəsi ilə əlaqədar maddi yardım ayrılması üçün müraciət etmiş I qrup əlil Şahməmmədov Rasim Eldar oğlunun mobil telefonuna zəng edərək, özünü guya Heydər Əliyev Fondunun Sosial-İctimai Əlaqələr şöbəsinin müdirinin ikinci müavini “İldırım Orucov” adlı şəxs kimi təqdim edərək, Rasim Şahməmmədova müalicəsi üçün həmin fond tərəfindən 3100 manat ayrıldığını yalandan deyərək aldadıb. Əvvəlcədən rüsum ödənilməsi adı ilə 320 manat pulu poçt vasitəsilə İsmayıl İsmayılovun adına göndərməsini istəyib. Rasim Şahməmmədov arvadı Sevinc Şahməmmədova vasitəsi ilə pulu həmin gün “Azərpoçt” MMC-nin İsmayıllı filialı vasitəsilə həmin ünvana göndərib, lakin S. Şahməmmədova aldadıldığını başa düşüb sonradan pulu geri qaytardığından, təqsirləndirilən Elnur Fərzəliyev şəxsi iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib.

Bundan başqa, təkrarən aldatma yolu ilə 2016-cı ildə internet saytları vasitəsilə Heydər Əliyev Fonduna müraciət etmiş Mustafayeva Mahirə Mahir qızının mobil telefonuna zəng edərək, özünü Heydər Əliyev Fondunun işçisi “Əli” adlı şəxs kimi təqdim edib, sonuncunun müraciəti ilə bağlı dövlət tərəfindən ona 1160 manat ayrıldığını yalandan bildirib, əvvəlcədən rüsum ödənilməsi adı ilə 160 manat pulu poçt vasitəsilə İsmayıl İsmayılovun adına göndərməsinə inandırıb. Sonradan pulu İ. İsmayılovdan istintaqa məlum olmayan yerdə görüşərək alıb.

Elnur Fərzəliyev başda olmaqla, dəstə üzvləri başqalarının yaxınlarını həbsdən azad etdirmək, kriminal aləmlə yaxınlıq adı altında müxtəlif dələduzluq və oğurluq əməllərində də ittiham olunurlar.

//APA