İSTAD Qənirə Paşayevanı mükafatlandırdı

15:40 | 13.09.2017
18 dəfə oxundu

İSTAD millət vəkili Q.Paşayevanı Türk Dünyası birliyi istiqamətindəki fəaliyyətindən dolayı mükafatlandırıb.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevaya qardaş Türkiyənin İSTAD təşkilatı tərəfindən Türkiyə-Azərbaycan qardaşlığı və Türk Dünyasının birliyi üçün vermiş olduğu xidmətlərindən dolayı mükafatlandırıb. Mükafatı, Onur belgesini millət vəkili Q.Paşayevaya İSTAD-ın sədri Səfər Karakoyunlu təqdim edib. Mükafat üçün təşəkkürünü ifadə edən millət vəkili Q.Paşayeva bundan sonra da fəaliyyətində Türkiyə-Azərbaycan qardaşlığı və Türk Dünyasının birliyi üçün səylərini davam etdirəcəyini bildirib. Qardaş Türkiyədən gəlmiş və Azərbaycanın Türkiyədə daha geniş tanıdılmasında, Qarabağ həqiqətlərinin yayılmasında fəal olan İSTAD təşkilatının sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi 17 nəfərlik nümayəndə heyəti Azərbaycana səfərləri çərçivəsində millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva ilə görüşüblər. İSTAD sədri Səfər Karakoyunlu və nümayəndə heyəti üzvləri “özümüzü burada öz Vətənimizdəki kimi hiss edirik, biz bir millətin iki dövlətiyik”, – deyiblər. Türkiyə nümayəndə heyətinə ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparıb. Millət vəkili Qənirə Paşayeva İSTAD təşkilatının üzvləri ilə görüşdə topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib:”Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”. Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə qeyri-hökumət təşkilatlarının üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. İSTAD təşkilatının sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi 17 nəfərlik nümayəndə heyətinin üzvləri Azərbaycanı görməkdən, keçirilən görüş və tədbirlərdən çox məmnun olduqlarını və böyük təəssüratla dönəcəklərini və Türkiyədə Azərbaycanla bağlı, Qarabağ həqiqətlərinin daha geniş yayılması istiqamətində fəaliyyətlərini daha da genişləndirəcəklərini deyiblər. Müxtəlif layihələr və təkliflər əsasında geniş müzakirələr aparılıb. Görüşün sonunda millət vəkili Q.Paşayeva görüş iştirakçılarına Azərbaycan, onun tarixi, mədəniyyəti ilə bağlı materialları hədiyyə edib.