Jalə Əliyeva: 27 ildə Azərbaycan zəngin və şərəfli inkişaf yolu keçib

15:40 | 18.10.2018

Bu gün hər birimiz, bütün dünya azərbaycanlıları, Azərbaycan türkləri üçün son dərəcə qürurverici, fəxarət hissi doğuran bir tarixdir, Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

Düz 27 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı.

Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi və bununla da Azərbaycan tarixində ikinci dəfə müstəqilliyini əldə etdi, rəsmiləşdirdi. 27 ildir artıq imzalar içində imzamız var, dünya güclü və qüdrətli Azərbaycana, onun uğurlarına şahidlik etməkdədir.

Bunu Oxu.Az-a açıqlamasında professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

O qeyd edib ki, müstəqilliyinin, ikinci istiqlaliyyətinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək, gələcək taleyinə sahib çıxmağı bacardı.

Qısa müddət ərzində Azərbaycanın müstəqilliyinin dünya dövlətləri, ələlxüsus, qardaş və dost dövlət olan Türkiyə, həmçinin, Pakistan tərəfindən tanındığını, 1992-ci ilin martında isə Azərbaycanın dünyanın baş təşkilatı olan BMT-yə tam bərabərhüquqlu üzv kimi qəbul olunduğunu xatırladan millət vəkili bildirib ki, 1993-cü ilin yayından (iyunundan) isə ikinci müstəqiliiyinimizin ikinci və əsl mərhələsi başladı:

“O vaxt baş vermiş məlum hadisələrlə bağlı Azərbaycan xalqının təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi.

Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.

Məhz onun zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Heydər Əliyev ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı.

Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider “Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir” məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı.

Dahi liderin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.

Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi – “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi.

Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu müqavilədə iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.

Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”.

Millət vəkili deyib ki, mərhum dövlət başçısının müstəqilliyimizin qorunub-saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri, addımları, uzaqgörən, müdrik xarici və daxili siyasət kursu bu gün onun layiqli davamçısı, ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Onun çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib.

Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir.

Dövlət başçımızın həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur. Azərbaycanın nəinki regionun, yerləşdiyi coğrafiyanın, bütövlükdə dünyanın lider dövlətlərindən birinə çevrilib və bu liderliyini də əzmlə, şərəflə davam etdirməkdədir.

Azərbaycan dünyanın milli və dini tolerantlıq mərkəzinə, siyasi, iqtisadi, mədəni, humanitar və hərbi dialoq məkanına çevrilib. Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarının tədbirlərinin, regional və beynəlxalq toplantıların, idman, musiqi yarışmalarının, humanitar forumların keçirilməsinə layiqincə ev sahibliyi edir.

Əvvəllər müstəqilliyimizi həzm edə bilməyənlər, uğurlarımızı görməzdən gələnlər indi Azərbaycanın həm istiqlalını, müstəqil dövlətçilik siyasətini qəbul, etiraf etməkdə, həm də onunla əməkdaşlığa, iş birliyinə can atmaqdadırlar.

Beləliklə, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bu gün Azərbaycan prezidenti İlham Əliyevlə ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban xanım Əliyeva qoşa qanad kimi Azərbaycanımızı, ölkəmizi qələbələrdən-qələbələrə, zəfərlərdən-zəfərlərə doğru aparırlar.

Bütün bunlar isə bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir, heç bir qüvvə onu əngəlləyə bilməyəcək. Bir sözlə, ötən 27 ildə Azərbaycan zəngin və şərəfli inkişaf yolu keçib”.