Jalə Əliyeva: Azərbaycan xalqı heç vaxt təxribatçı qüvvələrə uymayacaq

03:52 | 13.07.2018

Məlum olduğu kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücumu nəticəsində 2 polis zabiti şəhid olub. Dərhal həyata keçirilən tədbirlər nəticəsində Gəncədə ictimai asayiş tam bərpa olunub, şəhər normal həyatına davam edir.

Sözügedən hadisə ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Jalə Əliyeva bu terror əməlini qətiyyətlə pislədiyini, Azərbaycan xalqının növbəti dəfə də belə təxribatçı qüvvələrə uymadan bu sınaqdan üzüağ cıxacağına əminliyini ifadə edib: “Gəncədəki son hadisələr -ictimai asayişi pozmaq cəhdləri düşünülmüş, planlanmış hərəkətlərdir. Azərbaycanın böyük uğurlarına kölgə salmaq istəyən dini pərdə altında fəaliyyət göstərən radikal ünsürlərin ictimaiyyət, əhali arasında çaşqınlıq, qeyri-stabillik yaratmaq cəhdləri yolverilməzdir. Birmənalı olaraq Gəncədəki son hadisələri, məqsədli şəkildə törədilmiş iğtişaşları qətiyyətlə pisləyirik. Azəbaycan dərin və möhkəm dövlətçilik ənənələri və prinsipləri olan bir dövlətdir, regionda, dünyada stabilliyin qarantı kimi çıxış edən bir ölkədir. Bunu sadəcə biz demirik, bu həm də beynəlxalq ictimaiyyətin rəyidir.

Bir nümunə gətirmək istəyirəm: Bu günlərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 51-ci plenar sessiyasında, həmçinin qurumun hüquqi və siyasi məsələlər üzrə komitəsinin iclasında iştirak etmək üçün Albaniyanın paytaxtı Tirana şəhərində səfərdə olduq. Orada Gürcüstan nümayəndə heyətinin üzvlərindən biri çıxışında Azərbaycanın son illərdəki inkişafını və Prezident İlham Əliyevin fəaliyyətini qiymətləndirərək çox maraqlı bir cümlə dedi: “Biz həmişə Azərbaycanı və onun Prezidentini dəstəkləyirik, onun yanındayıq, çünki o, regionda sabitliyin, stabilliyin qarantıdır”.

Bu xarici ölkə nümayəndəsinin Prezidentimizin fəaliyyətinə verdiyi yüksək dəyərlərdən biri idi.

Bu son həftədə Gəncədə baş verən hadisələr də ölkəmizin, Prezidentimizin uğurlarını gözü götürməyən qüvvələrin təxribatlarıdır, amma bu təxribatların qarşısı həmişə olduğu kimi alınacaqdır. Guya dini pərdə altında insanlara çağırışlar edilməsi, Gəncədə iki yüksək rütbəli polis zabitinin şəhid olması ürəkağrıdıcıdır. Düşünürük ki, Azərbaycan xalqı yenə də həmişə olduğu kimi belə təxribatçı qüvvələrə, radikal ünsürlərə uymayacaq, ayıq-sayıqlıq nümayiş etdirərək öz birliyi, həmrəyliyi ilə bir daha öz dövlətinin və öz Prezidentinin yanında olacaq, bir daha bu sınaqdan da alnıaçıq, üzüağ çıxacaq”.

//Editor.az