Kriminal avtoritetlər qaçıb, yoxsa qaçırılıb ?- İddialara rəsmi cavab

16:56 | 23.10.2017
Ədliyyə Nazirliyi Penitensiar Xidməti qaçan məhkumlarla bağlı yayılan iddialara münasibət bildirib.
Bildirək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş Etibar Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış Əli Ağami müşayiət altından qaçıblar.
Mətbuatda və sosial şəbəkələrdə məhkumların necə qaçması ilə bağlı fərqli fikirlər səsləndirilir. İddia edilir ki, həmin məhkumların kənardan dəstək olmadan qaçması mümkün deyil. Hər iki şəxsin qaçırılması ilə bağlı da iddialar var.
Müsavat Partiyası başqanının həbs həyatı yaşamış müavini Yadigar Sadıqov da bu barədə fikirlərini sosial şəbəkədə yazıb.
Dustaq olduğu müddətdə bir neçə dəfə qatarla aparıldığını qeyd edən Y.Sadıqov kriminal avtoritetlərin qaçışında kənardan köməyin olması ehtimalını istisna etməyib.
“2 nəfər dustaq qatarından qaçıb. Dustaq qatarı ilə 8 dəfə Lənkərana, 5 dəfə Şirvana getmişəm. Kənardan kömək olmadan oradan qaçmaq mümkün deyil. Azərbaycan da kiçik ölkədir, qatara gecə minib, səhər düşürsən. Rusiya deyil ki, günlərlə yol gedəsən, yavaş-yavaş döşəməni mişarlayasan. Döşəmə də indi taxta deyil” – deyə Y.Sadıqov yazıb.
Editor.az xəbər verir ki, musavat.com günün əsas xəbəri kimi müzakirə mövzusu olan bu hadisə barədə səsləndirilən iddialara cavab almaq üçün Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovla əalqə saxlayıb.
Polkovnik M.Sadıqov bildirib ki, səsləndirilən fikirlər sadəcə olaraq fərziyyə və iddiadır.
“Hazırda bu işlə bağlı istintaq gedir. Suallara da istintaq cavab verəcək. Qeyd edilən hallara da hüquqi qiymət veriləcək” – deyə polkovnik M.Sadıqov qeyd edib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər E.Məmmədov və Ə.Ağami barəsində müvafiq məlumatlar təqdim edilib. Axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, qaçan məhbuslar Əli Ağami və Etibar Məmmədov 2015-ci ildə səs-küylü cinayətin iştirakçısı olublar.
Onlar Şirvan şəhərində 2 nəfərin ölümündən sonra həbs ediliblər. Şirvandakı kriminal “razborka” zamanı Elvin Nəciyevin və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən ikisi bu gün qaçan məhkumlardır.
Etibar Məmmədov kriminal aləmdə “Qoca” ləqəbi ilə və Etibar Hacıqabulinski adı ilə tanınıb. Qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.
Qaçan hər iki dustağın “Lotu Quli”yə yaxın avtoritetlər olduğu bildirilir.