Laçınlılar deputatı “əldə çıraq gəzir”: jurnalistlər ona nə dedi? – Faktlar

21:32 | 12.06.2018

Erməni işğalında olan Laçın rayonundan məcburi köçkünlər tez-tez sosial mediada və mətbuatda məmur özbaşınalığından, üzləşdikləri haqsızlıqdan yazırlar

Feysbukdakı müxtəlif səhifələrdə, şərhlərdə, habelə dövrü mətbuatda Laçının icra başçısı Aqil Nəzərli və məmurlardan şikayətlər var.

Məcburi köçkünlər, şəhid ailələri narazılıq edirlər, qanunsuzluqla qarşılaşırlar. Bu problemlərin həllində vasitəçi olaraq millətin vəkili iştirak etməlidir.

Amma deputat sarıdan bəxti gətirməyən laçınlıların dərd-sərini yuxarı instansiyalara millət vəkili Mahir Abbaszadə nəinki çatdırmır, heç xəbəri də yoxdur.

Elə bizim portalımızda dəfələrlə köçkünlərin sosial problemlərdən şikayətlərini dərc etmişik. M.Abbaszadə mətbuatı izləyərək bir ailəni də ziyarət etməyib.

Laçının deputatı həmkarı olan Qənirə Paşayeva, Adil Əliyev, Vahid Əhmədov, Fəzail Ağamalı və s. parlament üzvlərinin fəaliyyəti ilə özünü müqayisə edirmi?

Milli Məclisdə bir sıra deputatlar seçiciləri ilə maraqlanırlar, mətbuatda çıxışlarının ardına düşərək araşdırırlar, imkan daxilində problemlərini yuxarılara çatdırırlar.

M.Abbaszadə isə heç seçicilərinin üzünü görmür. Onlarla sonuncu dəfə nə vaxt görüşdüyünü də xatırlamır. Köçkün rayonun deputatının fəaliyyəti utancvericidir.

Millət vəkili Mahir Abbaszadə aktiv fəaliyyət göstərməyən deputatlardan biridir. Onun haqqında olan bütün məlumatlar yalnız seçki ərəfəsində olan məlumatlardır.

FİA.Az xəbər verir ki, onun fəal millət vəkili olmadığını jurnalistlər arasında keçirilmiş sorğu da təsdiqləyir. Bu faktı oxuculara təqdim edirik ki, özləri tanış olsunlar.

(http://avrasiya.net/siyaset/7436-jurnalistlr-deputat-mahir-abbaszad-haqqnda-srt-dand.html)

Onun hansısa qanunun qəbul olunması müzakirəsində fəallığını görməmişik. Deputat olaraq Laçın rayon İcra Hakimiyyəti başçısının hansısa əlamətdar günlə bağlı keçirdiyi rayon tədbirlərindən çəkilən fotolarda gözə dəyir.

Millət vəkilinin seçiciləriylə görüşüb onların problemlərini dinləməsi mütləqdir, borcudur. Amma iqtisadçı kimi iqtisadi qanunların müzakirə edilib, qəbul olunması prosesində parlamentdəki fəaliyyəti zəifdir.

Mediada da çox az-az görünür. Yəni ixtisası üzrə aktual mövzuların təhlil və analizində onun mülahizələri, fikir və proqnozlarına rast gəlinmir. Beləcə, Mahir Abbaszadənin deputat kimi fəaliyyəti nə seçiciləri, nə mətbuatı qane edir.

Belə çıxır ki, deputat seçicilərindən qaçır. Şübhə doğurmur ki, həmin müraciət edənlər də deputatı güc-bəla yasda-toyda tutub dərdini deyənlərdir.

Üstəlik, biznes şəraitinin olmamasından gileylənən deputatı anlamaq mümkündür. Çünki onun ticari əlaqələri Dubay-Bakı reysi ilədir.

Xarici pasportundakı möhürlər kifayət edir ki, onun biznesinin hansı ərazidə olduğu müəyyən edilsin.

Bütün bu deyilənlərlə bağlı deputat müsahibə versə, dərc edə bilərik.