Masallıda Xocalı soyqırımı qurbanları anılıb

16:58 | 13.02.2018

Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Cəfər Cabbarlı adına Masallı Rayon Mərkəzi kitabxanasında “Xocalı soyqırımı: XX əsrin faciəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Ayıq Səmədov, Cəfər Cabbarlı adına Masallı Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Əlhəddin Nəzərov, kitabxananın əməkdaşları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Cəfər Cabbarlı adına Masallı Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Əlhəddin Nəzərov ermənilərin Xocalıda törətdiyi cinayətlərdən danışıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq edilmiş “Xocalı soyqırımının 26-cı ildönümünün keçirilməsinə dair Tədbirlər Planı”na müvafiq olaraq ölkəmizin hər yerində bununla bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Daha sonra natiq erməni qəsbkarlarının Xocalıda törətdikləri vəhşiliklərdən söhbət açıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin süjet xəttindən söhbət açaraq filmin müasir gənclərin vətənpərvərlik ruhunda tərbiyəsindəki rolundan danışıb.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Elvin Hüseynli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi