“Mehriban Əliyeva təkcə Azərbaycanda yox, həm də dünyada gimnastikanın inkişafını dəstəkləyir” – FİG prezidenti

21:01 | 30.11.2018

Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban Əliyeva təkcə Azərbaycanda yox, həm də dünyada gimnastikanın inkişafını dəstəkləyir.

Bu barədə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe Bakıda FIG İcraiyyə Komitəsinin iclası çərçivəsində deyib.

M.Vatanabenin sözlərinə gorə, AGF çoxlu sayda yarış və görüşləri yüksək səviyyədə təşkil edib və hər kəs Bakıya məmnuniyyətlə gəlir:

“Gimnastika Azərbaycanda güclü inkişaf edib və biz hər dəfə Bakıya gələndə bunun şahidi oluruq”.

FIG prezidenti xatırladıb ki, 2019-cu ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək və əlavə edib ki, Azərbaycan paytaxtı istənilən yarışı keçirmək iqtidarındadır.

Daha sonra M.Vatanabe qeyd edib ki, təkcə gimnastika yox, bütün idman növləri baxımlı olmalıdır və Federasiyanın əsas məqsədi insanların gimnastikanı daha yaxşı anlaması və bu idmana maraqla baxmasıdır.

Federasiyaya yeni üzvlərin qəbul olunması barədə suala cavab verən prezident vurğulayıb ki, 192 ölkədən 147-si FIG-in üzvüdür və yeni üzvlərin qəbulu gündəlikdə yer alır.

Parkurun yarışlar sırasına daxil edilməsi məsələsini şərh edərkən M.Vatanabe deyib ki, bu məsələ gündəlikdə yer alıb və bu növün idman növləri sırasına yaxın zamanlarda qəbul olunacağına ümid etdiyini bildirib.

//Trend