Millət vəkili Prezidentin bölgələrə səfərindən danışdı

03:41 | 01.12.2017

“Cənab Prezident bu ilin iyulunda imzaladığı sərəncama əsasən tikilən, 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışını etdi. Təkcə Tərtərin deyil, həm də Tərtərlə Goranboyun kəndlərini birləşdirən bu yol keyfiyyəti və funksionallığı ilə seçilir. Orada yolboyu müxtəlif diametrli suötürücü borular, işıq dirəkləri, 14 avtobus dayanacağı quraşdırılıb, İncəçay çayı üzərində uzunluğu 34,8 metr, eni 10,5 metr olan körpü salınıb. Rayonda cənab İlham Əliyevin açılışını etdiyi obyektlərdən biri də Tərtər Tarix-Diyarşünaslıq Muzeyidir. Ekspozisiya zalı ilə yanaşı muzeydə 40 yerlik konfrans zalı, elmi araşdırmalar şöbəsi üçün otaq da yaradılıb. Açılışını 1170 məcburi köçkün ailəsinin səbrsizliklə gözlədikləri bir qəsəbə vardı ki, o da baş tutdu”. Bunu açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Deputatın sözlərinə görə, Cocuq Mərcanlıda olduğuğu kimi bu qəsəbənin salınmasında da ordumuzun ötən ilin aprelindəki zəfərinin böyük rolu var: “Məhz hayların bir sıra mövqelərdən vurulub çıxarılmaları nəticəsində Şıxarxda 1170 ailənin rahat, hər cür yaşam standarıyla təmin edilmiş şəkildə yaşaya biləcəkləri belə bir qəsəbəni tikmək mümkün oldu. İndi orada Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşadan olan bacı və qardaşlarımız yaşayacaqlar. Amma baxmayaraq ki, bu qəsəbə indiyədək qaçqın və köçkünlər üçün salınan 97 qəsəbənin ən yaxşılarından biridir orada mənzil alanlar bunun müvəqqəti olduğunu, öz torpaqlarında ondan da yaxşısının tikiləcəyini bilirlər. Nəinki bilirlər, buna əmindirlər. Niyə də əmin olmasınlar, axı aprel döyüşləri onların gözləri qarşısında baş verdi və necə bir qüdrətli ordumuz olduğunu özləri gördülər.

Heç təsadüfi deyil ki, Ali Baş Komandanımız qəsəbənin açılışından sonra Tərtərdəki hərbi hissələrdən birinə baş çəkdi. Bu o hərbi hissədir ki, 2004-cü ildə Ali Baş Komandan özü döyüş bayrağı verib, onun şəxsi heyəti aprel savaşında, ümumiyyətlə torpaqlarımızn azad edilməsi və qorunmasında böyük rol oynayıb. Azərbaycanın 8 Milli Qəhrəmanı məhz bu hərbi hissədə xidmət ediblər. Qarşıda isə onları daha böyük zəfərlər gözləyir, Tanrı yardımçıları olsun!”.