“Münaqişənin həllinə dair proses pik nöqtədədir, məsələ həllini tapmalıdır”

22:09 | 18.10.2018

Yaxın zamanlarda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O qeyd edib ki, səfər zamanı onlar ölkələrin mövqeyini dəqiqləşdirmək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin fəallaşması üçün hansı konkret addımların atılacağını müzakirə etmək niyyətindədir.

Rusiya rəsmisinin açıqlamasını dəyərləndirən millət vəkili Rauf Əliyev söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir çox sual doğuran məsələlər ortaya çıxıb:

“Əvvəllər, Dağlıq Qarabağ dünyada tanınmayıb. Amma Ulu öndərimiz Heydər Əliyevin və cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsin dünya ölkələri həm Dağlıq Qarabağı, həm də Ermənistanın işğalçı dövlət olduğunu tanıyıb. Bu istiqamətdə BMT dörd qətnamə qəbul edib. Həmin qətnamələrdə də bildirilir ki, işğalçı ölkə Azərbaycanın torpaqlarını qeyd-şərtsiz tərk etməlidir. Qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdırlar.

Dağlıq Qarbağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qurpu yaradılıb. 25 ildir, həmin qurum məsələnin həlli istiqasmətində müəyyən işlər aparır. Əvvələr həmsədr ölkələrin mövqeyləri uyğun gəlmədiyindən ortaya konkret nəticə çıxmırdı. Amma indi münaqişənin nizamlanması prosesinin fəallaşması üçün konkret addımları müzakirə edəcəklər. Bununla da çox güman ki, əsaslı qərarlar qəbul olunacaq”.

ABŞ-ın Ermənistandakı səfirinin müsahibəsini oxuduğunu söyləyən R.Əliyevin sözlərinə görə, səfir bildirib ki, Dağlıq Qarabağ məsələnin həlli Ermənistana maraqlı deyil:

“Onlar bu haqda heç müzakirələr də aparmırlar. Həm M.Zaxarovanın, həm ABŞ səfirinin çıxışından, həm də həmsədr dövlətlərin mövqeyindən belə çıxır ki, artıq Dağlıq Qarabağ münaqişəsi pik nöqtəsinə çatıb. Yəni məsələ öz həllini tapmalıdır. Ümid edək ki, həmsədr dövlətlər danışıqlarda sərt qərar versin. Azərbaycanın torpaqları geri qatarılsın, məcburi köçkünlərimiz öz yurdlarına dönsün və ölkəmizin ərazi bötüvlüyü təmin olunsun”.

//Sherg.az