Nəsimidə 9 noyabr qeyd edilib

17:58 | 08.11.2018
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 9 noyabr – Bayraq gününə həsr edilmiş bayram tədbiri keçirilib.
Bu gün Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi ilə birgə rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, vətən müharibəsi veteranlarının iştirakı ilə Sahil Mühafizəsinin hərbi hissəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyinə həsr edilmiş tədbir keçirdi.
Editor.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinın rəisi general-leytenant Əfqan Nağıyev tədbir iştirakçılarını Dövlət Bayrağı günü münasibəti ilə təbrik edərək çətin və şərəfli fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzulayıb. İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və Azərbaycan Xalq Cümhuriyyəti süqut edənədək dövlət statusuna malik olub.
Asif Əsgərov bildirib ki, yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ötən dövr ərzində sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir hərbi quruma çevrilib. Tədbirdə xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırıldı.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə hazirlanmış Sevil və Sevinc bacılarının ifasında səslənən “Azərbaycan Bayrağı” adlı mahnı və klip təqdim olunub.
Tədbirdən sonra qonaqlar əsgərlərlə birlikdə bayram naharı ediblər.