Nardaran sakinləri hərbi xidmətdən yayınırdılar – Polis rəisi

01:12 | 01.12.2017

Nə qədər acı olsa da, etiraf etməliyik ki, Nardaranda uzun illər qayda-qanun olmayıb. Bu qəsəbənin sakinləri uzun illər dövlət qanunlarına hörmətsizlik nümayiş etdiriblər.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon Polis İdarəsinin rəisi, Nardaran əməliyyatının iştirakçısı, polis polkovniki Eldar İlyasov deyib.

O bildirib ki, hələ müstəqillik illərindən əvvəl Nardaranda sovet qanunları belə işləmirdi:

“O zamanlar da Nardaran sakinləri hökuməti tanımırdı və qəsəbə “dədə-baba” qanunları ilə idarə olunurdu. Vətəndaşlar bu qəsəbədə qanunla, icra hakimiyyətinin müvafiq sərəncamı ilə onlara verilmiş torpaqlarda ev tikə bilmirdilər.

Bir qrup qəsəbə sakini həmin vətəndaşı açıq-aşkar hədələyirdi, ölümlə təhdid edirdi. Deyirdilər ki, bura bizim dədə-baba torpaqlarımızdı, burda ev tikə bilməzsən, əgər tikəcəksənsə, o evi yandıracağıq.

Təbii ki, bütün bunlar dövlətimizin nəzarətində idi. Qəsəbə sakinləri ilə daim profilaktiki söhbətlər aparılırdı, onlara ölkənin qanunları izah edilirdi, bir sözlə, qəsəbədə nizam-intizam yaratmağa çalışırdıq. Təəssüflər olsun ki, qəsəbə sakinləri dövlət qanunları ilə hərəkət etmək istəmirdilər. Onlar başa düşmürdülər ki, Azərbaycanın dövlətinin qanunları var və bu qanunları heç kim poza bilməz”.

Polis rəisi bildirib ki, 2015-ci ilədək Nardaranda təhsil yox səviyyəsində idi.

“Nardaranlılar hər zaman uşaqlarının təhsil almasının əleyhinə olublar. Onlar qız uşaqlarını ümumiyyətlə dərsə göndərmirdilər. Valideynlər azyaşlı uşaqlarını dini mərasimlərə aparırdı, lakin məktəbdə təhsil almağa göndərmirdilər. Bu gün isə vəziyyət tamam dəyişib. Polis Nardaranda yalnız təhlükəsizlik işləri ilə məşğul olmur. Polis həm də təhsildən yayınan uşaqların ailələri ilə maraqlanır. Uşaqların məktəbə getməsi üçün valideynlərlə danışıqlar aparır. Hətta elə valideynlər olub ki, bəhanə ediblər ki, paltarı olmadığı üçün uşağını məktəbə göndərə bilmirlər. Polis həmin uşaqların geyimini təmin edib. Baxırsan ki, yenə o valideynlər uşaqlarının təhsil almasını istəmirlər. Aparılan təbliğat işləri nəticəsində 2016-cı ildə təhsildən yayınan əksəriyyəti qız uşağı olmaqla 55 nəfərin hamısı yenidən məktəbə qaytarılıb. 2017-ci ildə isə təhsildən yayınan 23 nəfərdən 20-si məktəbə qaytarılıb. Qalan 3 nəfər isə yaşayış yerini dəyişdirdiyi üçün başqa məktəblərə gedib. Bu gün Nardaran məktəbində davamiyyətə 100 % əməl olunur.

Onu da qeyd etməliyəm ki, əvvəlki illərdə Nardaran sakinləri hərbi xidmətdən yayınırdılar. Bu qəsəbədə gənclərin heç biri əsgər getmirdi. Həyata keçirilən tədbirlərlə 2016-cı ildə hərbi çağırışdan yayınan 765 nəfərdən 761 nəfərinin hərbi xidmətdə iştirakı təmin olunub. Bu il isə çağırışdan yayınan 660 nəfərdən 620-nin hərbi xidmətə getməsi təmin edilib. Qalanları müxtəlif səbəblərə görə hərbi xidmətə düşməyənlərdir”.