Nazir maaşların artırılmasından danışdı

15:24 | 30.03.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin gələcəyi” təşəbbüsü üzrə milli dialoq çərçivəsində keçirilən tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Kölerlə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Editor.az-a verilən məlumta görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əməkhaqlarında artım dinamikasının cari ildə də davam etdiyini, təkcə bu ilin yanvar ayında muzdla çalışanların orta aylıq nominal əmək haqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artdığını diqqətə çatdırıb. Nazir əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri qeyd edib.

Ölkədə əmək və məşğulluq sahəsində aparılan siyasətin inkişaf etdirilməsində BƏT-lə birgə aparılan işlərin əhəmiyyətini qeyd edən S.Müslümov Azərbaycanın bu təşkilatın təşəbbüs və layihələrinə həmişə fəal şəkildə qoşulduğunu diqqətə çatdırıb.

Azərbaycanın BƏT-lə əməkdaşlığı daim genişləndirmək əzmində olduğunu qeyd edən S.Müslümov ölkəmizin BƏT-in 2017-2020-ci illər üçün Rəhbər Orqanının (İLO Governing Body) üzvlüyünə namizədliyini irəli sürdüyünü, cari ilin iyun ayında keçiriləcək seçkilərdə bu namizədliyin dəstək qazanacağına əminliyini ifadə edib. Nazir hazırda BƏT-in Cenevrə şəhərində yerləşən Katibliyində Azərbaycan vətəndaşlarının çalışmadığını və ölkəmizdə yüksək səviyyəli mütəxəssislərin olduğu nəzərə alınmaqla, gələcəkdə BƏT-də çalışan heyətin tərkibində Azərbaycandan olan əməkdaşın da işləməsinə imkan yaradılması məsələsini H.Kölerin diqqətinə çatdırıb.

S.Müslümov BƏT-lə əməkdaşlığın inkişafı müstəvisində qarşıdakı dövrdə də birgə layihələrin davam etdiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb: “Məlum olduğu kimi, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Ermənistanın işğalından azad edilib. Həmin kənddə əsaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. Hesab edirəm ki, BƏT-lə əməkdaşlıq müstəvisində birgə həyata keçiriləcək layihələr sırasına Cocuq Mərcanlı kəndində məşğulluğun təmin olunması ilə bağlı layihənin daxil edilməsi də məqsədyönlü olardı”.

H.Köler Azərbaycanda əmək və məşğulluq sahələrində aparılan islahatların, əmək resurslarının məşğulluğunun təminatı sahəsində görülən tədbirlərin, aktiv əmək bazarı proqramlarının, eləcə də özünüməşğulluq proqramının icrası işlərinin BƏT tərəfindən rəğbətlə qarşılandığını bildirib. Azərbaycanda “Əməyin gələcəyi” təşəbbüsü üzrə milli dialoq çərçivəsində keçirilən tədbirlərin önəmini də qeyd edən H.Köler təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu diqqətə çatdırıb.

O, BƏT-in Rəhbər Orqanına Azərbaycanın üzvlüyə namizədliyinə keçiriləcək obyektiv seçkilər zamanı üzv ölkələr (xüsusən Şərqi Avropa və MDB ölkələrindən olan üzv dövlətlər) tərəfindən dəstək verilə biləcəyinə əminliyini bildirib. BƏT-də yaranan vakansiyalar üzrə təşkilatda işə qəbul olunmaq üçün Azərbaycandan olan mütəxəssislərin də ərizə ilə müraciət edə bilməsinin mümkünlüyünü qeyd edən H.Köler Cocuq Mərcanlı kəndində birgə layihənin həyata keçirlməsi ilə bağlı təklifin də müzakirə olunacağını vurğulayıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının sədri Məmməd Musayevin iştirak etdiyi görüşdə daha sonra əmək və məşğulluq sahəsində ölkəmizdə aparılan islahatlarda BƏT-lə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.