Polşadakı azərbaycanlılar yeni diaspor təşkilatı yaratdı

10:41 | 26.03.2018

Polşadakı Azərbaycanlılar Birliyinin ilk qurultayı və Azərbaycanın Polşalı Dostları Cəmiyyətinin təsis konfransı keçirilib

Azərbaycanlı gənclərin 2011-ci ildə Polşada təsis etdiyi və uzun illərdir uğurla fəaliyyət göstərən Polşada yaşayan Azərbaycanlı Gənclər Birliyinin (AYPU) fəalları tərəfindən yeni bir təşkilat yaradılıb.

Azərbaycanın tanıdılması istiqamətində, habelə milli əhəmiyyət daşıyan məsələlərlə bağlı bir sıra layihələrə imza atan AYPU fəalları birliyin fəaliyyət dairəsini genişləndirmək və Polşa respublikasında yaşayan müxtəlif yaş kateqoriyasındakı azərbaycanlıları bir araya toplamaq məqsədilə, yeni bir təşkilat qurmağı qərara alıblar. Bu məqsədlə, Varşavada yerləşən Mədəniyyətin Təbliği Mərkəzində bir araya gələn diasporçularımız Polşadakı Azərbaycanlılar Birliyinin ilk qurultayını keçiriblər.

Tədbirin moderatoru Rüfət Mehman bildirdi ki, indiyə qədər Azərbaycan dəyərlərinin təbliğində fəallıq göstərən diaspora üzvləri bundan sonra daha geniş miqyasda və daha da qətiyyətlə ölkəmizin haqlı mövqeyinin, Qarabağ gerçəklərinin Polşa cəmiyyətində tanıdılmasına çalışacaq.

Qurultayda Birliyin sədr seçilən Cavid Zeynalov qeyd etdi ki, Birliyin təsis olunmasında məqsəd Polşada yaşayan bütün Azərbaycanlıları bir çətir altına toplamaq, Polşaya yeni gələn vətəndaşlara kömək etmek, tələbə ve gənclərin problemleri ilə yaxından maraqlanmaq, habelə, Azərbaycanı Polşa cəmiyyətində layiqincə temsil etmək, turizm imkanlarımızı çatdırmaqdır.

Cavid Zeynalov əlavə etdi ki, Birliyin nəzdində Azərbaycan ədəbiyyatının təbliği və mətbuatla iş üzrə department, Qadınlar Klubu, İdman departamenti və Gənclərlə iş üzrə Departament də fəaliyyət göstərəcək. Birlik sədri Qadınlar Klubuna Polşadakı Azərbaycan diasporunun fəallarından Ayişə Cabbarovanın rəhbərlik edəcəyini bildirib.

O əlavə edib ki, Birliyin fəalları AYPU-nun fəaliyyət dövründə olduğu kimi, yenə də Azərbaycanla bağlı Polşa və Avropa ölkələrində keçirilən tədbirlərə dəstək verəcək, Azərbaycan idmançılarının və futbol komandalarının beynəlxalq görüşlərində kollektivlə iştirak edib, tribunalardan Azərbaycan bayrağını dalğalandıracaqlar.

Həmçinin, sədrin sözlərinə görə, Polşadakı Azərbaycanlılar Birliyi yaxın gələcəkdə Azərbaycanın təbliği üçün polyak və Azərbaycan dillərində dərgi çap etdirməyi, habelə, daimi yenilənən internet resursu yaratmağı da qarşıya məqsəd qoyub. Azərbaycanın Polşalı Dostları Cəmiyyətinin təsisçisi Sabrina Kovalçuk da öz növbəsində bildirib ki, Azərbaycan və Polşa xalqları arasında keçmişə dayanan sıx dostluq var və II Dünya Müharibəsi zamanı da azərbaycanlı partizanlar Polşa xalqının faşistlərlə mübarizəsinə öz töhfələrini vermişlər.

O, Azərbaycanın müstəqillik qazandıqdan sonra Polşa ilə sıx dostluq münasibətləri saxladığını və siyasi-iqtisadi əməkdaşlıq sahəsində də böyük nailiyyətlərə imza atıldığını qeyd edib. S.Kovalçuk təsisçisi olduğu cəmiyyətin iki ölkə arasındakı dostluğa dəstək verəcəyini, Polşadakı Azərbaycan diasporu ilə sıx əməkdaşlıq edəcəklərini vurğulayıb.