Prezident İlham Əliyev: “Bütün sahələrdə Azərbaycan-Rusiya münasibətləri nümunəvidir”

20:40 | 13.06.2018

Bütün sahələrdə Azərbaycan-Rusiya münasibətləri nümunəvidir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

Dövlətimizin başçısı Vladimir Putini dövlət bayramı – dünən qeyd olunmuş Rusiya Günü münasibətilə təbrik edib: “Futbol üzrə dünya çempionatına hazırlığın uğurla başa çatması münasibətilə də təbrik etmək istəyirəm. Bu, dünyanın əsas idman hadisəsidir. Əminəm ki, çempionatın özü də çox uğurla keçəcək, bütün qonaqlar razı qalacaqlar.

Bizim münasibətlərimizə gəldikdə, mən də onların inkişafından məmnun olduğumu bildirmək istərdim. Avqustun sonunda Rusiyaya səfərə dəvətinizə görə təşəkkür etmək istərdim. Lakin bu gün də bizim kifayət qədər geniş gündəliyimizdəki cari məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı imkan var”.

İlham Əliyev bildirib: “Düşünürəm ki, bizim daimi xarakter daşıyan müntəzəm əlaqələrimiz münasibətlərimizə böyük təkan verir. Biz bunun yaxşı nəticələrini görürük. Bizim qarşılıqlı siyasi fəaliyyətimiz çox yüksək səviyyədədir. Biz etibarlı dostlar və tərəfdaşlar, strateji tərəfdaşlarıq. Siz qeyd etdiyiniz kimi, iqtisadi sahədə dinamika ötən il də, bu il də çox müsbətdir. İqtisadi əməkdaşlığın genişləndirilməsinə dair planlar var. Biz “Şimal-Cənub” layihəsinin həyata keçirilməsinin artıq konkret nəticələrini görürük. Artıq Azərbaycan vasitəsilə Rusiyadan yükdaşımalar artır, bu da bizim fəaliyyətimizin müsbət nəticəsidir. Hesab edirəm ki, bütün sahələrdə, humanitar sahədə bizim münasibətlərimiz, ümumiyyətlə, nümunəvidir. Belə ki, yaxşı dinamikaya, yaxşı nəticələrə nail olduğumuza görə şadam və gələcəyə, əlaqələrimizin möhkəmlənməsinə ümidlə baxırıq.

Dəvətinizə görə bir daha sağ olun”.

//AZƏRTAC