Qənirə Paşayeva ilə Azərbaycan Dillər Universitetində görüş olub

18:05 | 06.12.2017

Azərbaycan Dillər Universitetinin rəhbərliyinə belə bir görüş üçün təşəkkürünü bildirən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Erməni diasporu, lobbisi və dəstəkçilərinin Azərbaycan əleyhinə təbliğat apardığını deyən millət vəkili bütün gəncləri duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı ciddi mübarizəyə səsləyib. Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.

Millət vəkili Q.Paşayeva gəncləri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva onlara Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir.

Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”

Azərbaycanın işğal altında olan əraziləri barədə də danışan millət vəkili Q.Paşayeva Aprel zəfərinin dosta və düşmənə bir mesaj olduğunu da xüsusi vurğulayıb. “Ordumuz düşmənə layiq olduğu cavabı verib və verir. Azərbaycan ordusu düşmənə layiqli cavab vermək gücündə olan bir ordudur və biz hamımız dünyanın harasında yaşamağımızdan asılı olmayaraq ordumuzun könüllü əsgəriyik və olmalıyıq. Və gənclərimiz torpaqlarımızı işğaldan azad etmək üçün canlarını da verməyə hazırdılar. Aprel döyüşləri də bunun ən önəmli zirvəsi idi ki, bu döyüşlərdən sonra bayrağımız Lələ Təpədə dalğalanır və Cocuq Mərcanlıdan olan məcburi köçkünlərimiz öz evlərinə döndülər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Lələ Təpədə dalğalanan gözəl bayrağımız yaxın vaxtlarda işğal altındakı ərazilərdə də dalğalanacaq”.

Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, savadlı cəmiyyət savadlı anadan keçir. Uşaqları xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva gəncləri maraqlandıran sualları da cavablandırıb və onlara müəllifi olduğu kitabları imzalı hədiyyə edib.

Görüşün videosunu bu linkdən izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=gH2Eh2nneZY&feature=youtu.be https://www.youtube.com/watch?v=LoJiR03LKQU&feature=youtu.be