Qənirə Paşayeva qazi Qoşqar Hacıyevin ailəsinə öz evini təklif edib: “Gəlin, bizdə qalın” – FOTOLAR

01:15 | 22.10.2018

2015-ci ilin sentyabr ayının 2-də cəbhədə düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan “N” saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Qoşqar Hacıyevin hazırda səhhətinin ağır olması barədə məlumat vermişdik.
Q. Hacıyev bir neçə müddət idi komaya düşmüşdü. Onun vəziyyəti bir çoxlarını narahat edir, sadə vətəndaşlar bu mövzuda həssaslıq nümayiş etdirirlər.

Qoşqar Hacıyevin vəziyyətinin stabilləşməsi üçün çalışan, bunun üçün əlindən gələni əsirgəməyənlərdən biri də millət vəkili Qənirə Paşayevadır.

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı sosial şəbəkədəki səhifəsində Qənirə xanımın həssaslığı ilə bağlı qeydlərini bölüşüb: “Oktyabrın 17-i, saat 17 radələrində Qoşqar Hacıyevin durumu ilə bağlı təşviş var idi. Qənirə xanımla iştirak etdiyimiz bir tədbirdən yarımçıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gəldik. Hospitalın rəisi Tofiq Tağıyev vəziyyəti anlatdı. Görüşdə Qoşqar Hacıyevin anasıda iştirak edirdi. Ana “oğlumu Türkiyəyə aparın” deyirdi. Mən “baxırsınız, hamı oğlunuza görə səfərbər olub” desəm də, ana sakitləşmək bilmirdi. Birdən Qənirə xanım anaya “pula görə narahatsınız?” dedi. Ana qismən narahatlığını bildirdi ki, birdən pulun köçürülməsi gecikər.
Qənirə xanım anaya “narahatlığa əsas yoxdur, əgər dərd budursa, səhər gedək bankdan pul götürüm, verim”.
Qənirə xanım ailəyə evində qalmağı da təklif etdi. “Qoşqar sağalana qədər orada qalın, əziyyət çəkməyin”. Mən bir görüşdə olan söhbətləri yazmağı ona görə özümə borc bildim ki, pislərin çoxaldığı dünyada yaxşıların olması dünyamızın belə vətən fədailərinin çiynində bərqərar olduğuna nümunədir. Var olun, əziz Qənirə xanım”.

//Yeni Gündəm