Qoşqar Təhməzli qardaşı haqda xəbərlərə aydınlıq gətirdi: “Biz imkan verməyəcəyik ki…”

16:16 | 17.10.2018

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşının işdən çıxarılmağının səbəbi məlum olub. Unikal.org-un əldə etdiyi məlumata görə, Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş əməkdaşı olan Atəş Təhməzov dövlət çevrilişinə cəhd ittihamları ilə bağlı hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra tutduğu vəzifəsindən kənarlaşdırılıb. Atəş Təhməzovun Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin yaxın kadrı olduğu bildirilir. Akif Muradverdiyev 2006-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilmişdi. Onun həbsi isə Qoşqar Təhməzlinin qardaşı Atəş Təhməzov və digər kadrlarının işdən çıxarılması ilə nəticələnmişdi.

Qardaşının ünvanına səslənən ittihamlarla bağlı Editor.az-ın əməkdaşı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə danışıb. Q.Təhməzli qardaşının ünvanına səslənən ittihamları rədd edib: “Bu informasiyaların heç bir əsası yoxdur. Qardaşım Akif Muradverdiyevlə birlikdə çalışmayıb. Kimin nə yazmağından asılı olmayaraq, biz Cənab Prezidentin başlatdığı islahatları həyata keçirəcəyik. Kim nə istəyir, getsin yazsın. Onlara böyük uğurlar diləyirəm. Biz qida təhlükəsizliyi sahəsində şəffaflığı təmin edəcəyik. Biz imkan verməyəcəyik ki, Azərbaycanda ölmüş heyvanların ətləri satılsın, insan həyatı üçün zərərli məhsullar satılsın. Bu mübarizəmizdən narahat olub sifarişli yazılar yazdıranlar özləri bilər”.

Bəşir, Editor.az