Rövnəq Abdullayev: “2019-cu ildə “Abşeron”dan ilk qazın alınmasını gözləyirik”

15:32 | 11.07.2017
85 dəfə oxundu

“Biz artıq yüksək templə “Ümid”, “Babək” yataqlarının işlənməsini hazırlayırıq. “Abşeron” yatağının birinci fazasının işlənməsi üçün də heç bir maneə qalmayıb”.
Bunu “Report”a müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.
R.Abdullayevin sözlərinə görə, “Abşeron” yatağının birinci fazasının işlənməsi ilə bağlı bütün razılaşmalar hazırlanıb: “2019-cu ildə “Abşeron”dan ilk qazın alınmasını gözləyirik. Bunun üçün sentyabrda Heydər Əliyev adına üzən qazma qurğusu “Abşeron”da ilk quyunu qazmağa başlayacaq. Düşünürəm ki, “Abşeron” layihəsinin birinci fazasında 1,5 mlrd. kubmetr qaz əldə edəcəyik. Bu ilin sonunda isə ikinci faza haqqında düşünməyə başalayacağıq və bu, 2022-2023-cü ildə gözlənilir. Bu daha böyük fazadır və əlavə 5 mlrd. kubmetrə yaxın qaz almağı düşünürük”.
SOCAR prezidenti tezliklə “Qarabağ” neft yatağında da işlərə başlanacağını qeyd edib: “Bu ilin sonuna qədər “Qarabağ” neft sturkuturunda layihələndirmə işlərini bitirib, gələn ildən kəşfiyyat və istismar işləri həyata keçirməyi düşünürük. Maksimum 2021-ci ildə “Qarabağ”dan ilk neftimizi alacağıq. BP şirkəti ilə imzalanan müqaviləyə əsasən, “Abşeron”un dayazsulu hissəsində 3D seysmik işləri aparılıb. Artıq bir neçə böyük olmayan strukturlar aşkar edilib ki, biz onların da işlənməsinə başlayacağıq”.
“BP ilə digər kontraktımız “Şəfəq-Asiman”la bağlıdır. Artıq orada 3D seysmik işləri bitib. Bilirsiz ki, bütün qazma qurğuları məşğuldur. İlk boş pəncərə olan kimi “Şəfəq-Asiman”da da ilk kəşfiyyat qazması həyata keçirəcəyik. Bu, digər böyük yataqlar kimi seysmikada çox böyük qaz yatağı kimi görünür və qazma bunu təsdiq etməlidir. Gələcəkdə həm də “Zəfər-Məşəl” və “Naxçıvan” strukturlarında da müəyyən işlər görməyi planlaşdırırıq”, – deyə R.Abdullayev əlavə edib.