Rus səfiri ilə qardaş, qardaşıyla düşmən olan icra başçısı: Vilyam Hacıyevin ilginc dosyesi

03:31 | 07.09.2017
850 dəfə oxundu

Azərbaycanda İcra hakimiyyətlərinin başçılarını nahaq yerə “regionların kiçik padşahları” adlandırmırlar. Rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti dəfələrlə ölkə rəhbərliyi tərəfindən də ciddi tənqidlərə məruz qalıb.Oxuculara yaxşı bəllidir ki, ölkə mediası uzun müddətdir İmişli rayon İcra Hakimiyyətinin başçısı Viliyam Hacıyevlə bağlı ittiham dolu materiallar yayımlamaqdadır. Viliyam Hacıyev hələ Samuxda icra başçısı vəzifəsində çalışan gündən onun fəaliyyəti barədə birmənalı fikirlər səslənməyib, yol verdiyi nöqsanlar daim mətbuatın gündəmində olub, silsilə yazılar dərc edilib, media bunu indi də davam etdirir. İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə bağlı mediada yayılan və rəsmən təkzib olunmayan məlumatları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:
Rus səfirinin müəmmalı məktubu
Bir müddət öncə Prezident İlham Əliyev İmişli rayon icra başçısı Vilyam Hacıyevi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Bu təltifə müəmmalı bir ünvandan təbrik məktubu gəlib. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin İmişli RİH-nin başçısı V.Hacıyevə təbrik məktubu ünvanlayıb. Bu məktub İmişli RİH-nin rəsmi saytında da yerləşdirilib və bir neçə KİV-də yayımlanıb. Lakin rus səfirin bir icra başçısını təbrik eləməsi zərurətinin nədən irəli gəldiyi, Doroxinlə Hacıyevi hansı tellər bağladığı müəmma olaraq qalır. Cumhuriyyet.az olaraq xatırladaq ki, Azərbaycanda bu günədək icra başçılarına “Şöhrət” ordeni də verilib, “Vətənə xidmət”ordeni də. Ancaq Rusiyanın Bakıdakı səfiri heç birini təbrik etməyib. Maraqlıdır ki, məhz İmişli icra başçısına təbrik məktubu göndərməsi nə ilə əlaqədardır?
Rusiya kimi bir dövlətin səfirini hansısa bir rayon rəhbərinə təbrik mesajının sirri nədədir? Bu suallar ətrafında aparılan araşdırmalar V.Hacıyevin Rusiyada biznesinin olması faktlarını da üzə çıxarmayıb. Hətta Moskvada biznesi olsa belə, səfir statusu daşıyan bir diplomat bu kontekstdən yanaşıb ona məktub yollamazdı. Yeganə fakt bundan ibarətdir ki, 2014-cü ildə Rusiya və Belarusun Azərbaycandakı səfirləri “Rossotrudniçestvo”nun ölkəmizdəki nümayəndəliyin rəhbəri Valentin Denisovla birgə İmişli rayonuna səfər ediblər.Səfirlər – Vladimir Doroxin və Nikolay Patskeviç səfər çərçivəsində İmişli rayonunun icra başçısı Vilyam Hacıyev və yerli mütəxəssislərlə görüşüblər. Ehtimal olunur ki, bu səfər zamanı tərəflərin şəxsi münasibətləri yaranıb. Ancaq Rusiya-Azərbaycan arasında son vaxtlar yaranmış “buzlaşma” fonunda V.Doroxinlə V.Hacıyevin şəxsi əlaqələrinin miqyasının hara qədər uzandığı bəlli deyil. Üstəlik, istərsə Rusiyanın, istərsə ABŞ-ın və başqa dövlətlərin səfirləri vaxtaşırı müxtəlif bölgələrimizə, regionlarda toplantılara gedirlər. Amma hər hansı rayonun icra hakimi dövlət tərəfindən təltif ediləndə səfirlər təbrik ismarıcı göndərmirlər. İmişli RİH-nin fikirlərini dərc etməyə hazırıq. Araşdırmalar davam edir.
İcra başçısının qardaşı ilə ixtilafı…
Vilyam Hacıyev o məmurlardandır ki, hətta öz yaxın adamları belə, ona qarşı müxtəlif ittihamlarla çıxış edir. V.Hacıyevin qanunsuz hərəkətlərindən bəhs edən informasiyalar sırasında onun hətta qardaşına da kələk gəldiyindən söz açılıb. Bildirilir V.Hacıyev hələ Göygöl rayonunda icra başçısı işlədiyi dövrdə (2004-2006-cı illərdə) “Kapitalbank”ın Göygöl rayon filialının müdiri olan qardaşı Eldar Hacıyevə öz vəsaiti hesabına abadlıq işi gördürüb, amma bu günədək pulunu verməyib. Bu barədə E.Hacıyevin özü Müstəqil İnformasiya Agentliyinə məlumat verib. Deyib ki, qardaşı Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən abadlıq işləri gördürürmüş: “O zaman mən ”Kapitalbank”ın Göygöl rayon filialının müdiri idim. Vilyam Hacıyev rayonda bir sıra işlər görmək üçün müvafiq göstərişlər verirdi. Məni də yanına çağırıb dedi ki, rayonun mərkəzi parkında və stadionda təmir, tikinti və abadlıq işləri aparım. Dedi ki, pul tap, xərclədiyin vəsait rayona ayrılacaq puldan geri ödənəcək. Mən də qardaş kimi ona dəstək olmaq üçün təklifi qəbul elədim və hər iki ərazidə abadlıq, təmir işləri apardım. Bu iş təxminən 32 min manata başa gəldi. Vilyam da bildirdi ki, hazırda pulu yoxdur, prezident rayonun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi və abadlaşdırma ilə bağlı pul ayıranda mənim vəsaitimi qaytaracaq. Düzü, mənim o qədər pulum yox idi. Sadəcə olaraq, qardaşımın sözünü yerə salmamaq üçün borc götürüb həmin işləri həyata keçirdim. Ancaq sonradan borc sahibinə pulu qaytara bilmədim. Məcbur qalaraq “Kapitalbank”dan kredit götürdüm. Ancaq qardaşım Vilyam Hacıyev pulumu qaytarmadı. Bu günə qədər həmin krediti ödəyə bilmirəm”.
E.Hacıyev bildirib ki, qardaşının günahı ucbatından evinə həbs qoyula, ailə-uşağını çölə tökə bilərlər. E.Hacıyevin sözlərinə görə, məsələylə bağlı Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin də qəbuluna gedib. Ancaq şöbənin əməkdaşları məsələnin iki qardaş arasında həll olunmasını məsləhət görüblər. Eldar Hacıyev deyib ki, borca görə, dəfələrlə Vilyam Hacıyevin qəbulunda olub: “İmişliyə icra başçısı təyin olunandan sonra da yanına getdim. Dedi ki, darıxma, düzələcək. Vəziyyətimin nə qədər ağır olduğunu desəm də, mənə kömək eləmədi. İndi telefon zənglərimə də cavab vermir. Axırda mesaj yazdım ki, mənə kömək elə. Pulu qaytarmırsansa, heç olmasa, mənə borc ver ki, əmlakımı girovdan çıxarım. Nə xərclətdiyi pulu verir, nə də başqa formada kömək edir”.
Samux “macəraları”…
2006-2012-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Vilyam Hacıyevin orada da “at oynatdığı” deyilir. O zaman cənab Hacıyevin nəzarətində iri torpaq sahələri, imarətlər, biznes obyektlərinin olduğu samuxlulara gizli deyilmiş. Samux sakinləri bildirilər ki, V.Hacıyevin bu qədər əmlakı yerli camaatda qıcıq yaratdığından o, əhalidə rayon rəhbərliyinə qarşı qəzəbi zamanında zərərsizləşdirmək üçün öz mülklərini məhdudlaşdırmaq qərarına gəlib. Satdığı mülklərin əvəzində V.Hacıyev əldə etdiyi vəsait hesabına Bakı və paytaxt ətrafında dəbdəbəli villalar, geniş torpaq sahələri alıb, biznes qurub. V.Hacıyevin daha bir nəfərə – Samux rayonunda fəaliyyət göstərən “Samir İstehsal” MMC-nin direktoru Nəsirulla Nəzərova da külli miqdarda borclu olduğu icra başçısı barədə yayılan xoşagəlməz xəbərlər sırasındadır. Qeyd olunur ki, bu borc da sahibkarın Samuxda gördüyü abadlıq işləri hesabına yaranıb.
Yaxın qohumun ittihamları…
Yeri gəlmişkən, V.Hacıyevin kapitalı haqda ilk məlumatlar mediaya onun yaxın qohumu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev tərəfindən verilib: “O, adi bilet satan idi, acından günorta dururdu. Vilyam vəzifədə işlədiyi dövrdə bizim nəslin başına qaxınc oldu. Onun kimi icra başçıları rayonlarda əhalini hörmətli prezidentimiz İlham Əliyevdən narazı salmaqla məşğuldur. Bu adam hətta doğma qardaşı Eldarı şərləyib rayonda bank müdiri vəzifəsindən çıxartdı. Bizim nəslimiz Vilyamın üstündən xətt çəkib. Onu ölənlərimizin yasına da buraxmırıq. O, vəzifədən çıxandan sonra vəziyyəti daha ağlamalı olacaq”. Vilyam Hacıyevin onun atasının əmisi nəvəsi olduğunu deyən Hafiz Hacıyev “Yeni Müsavat”a icra başçısı işləyən qohumu ilə bütün əlaqələri kəsdiyini vurğulamışdı. ”Mən, ümumiyyətlə, istəmirəm ki, Vilyam Hacıyev məsələsinə təzədən qayıdam. Vilyam Hacıyev və onun fəaliyyəti barədə mən bir neçə il öncə mövqeyimi bir sıra mətbuat orqanlarına, o cümlədən ”Yeni Müsavat”a demişdim. Zaman göstərdi ki, mənim tək onun haqqında deyil, digər icra başçıları barədə vaxtilə söylədiklərim əsassız deyildi. Mən bu adam haqda çox şeyləri bilirəm. İndi onların hamısını desəm, məncə, seçki öncəsi başqa cür qarşılanar. Mən cənab prezidentin harınlamış icra başçıları barədə 12 fevralda ortaya qoyduğu mövqeyi dəstəkləyirəm. Prezidentin həmin mövqeyi ortaya qoymasından sevinirəm ki, mənim bir neçə il öncə dediklərim gəlib öz təsdiqini tapır. Mənim fikirlərimi qərəzli adlandıranlar indi özləri görür ki, hansı proseslər gedir”.
İmişli olayları və deputatla yaşanan gərginlik…
Medianın yazdığını agörə, 14 aprel 2012-ci il tarixldən İmişli rayon İcra Hakimiyyətinə başçılıq edən Vilyam Hacıyev burada da işə başlar-başlamaz narazılıqlara səbəb olub. Əslində imişlililər əvvəlki icra başçısının zamanında da məmurların özbaşınalıqlarından dad edirmişlər. Viliyam Hacıyevin bu rayona gəlişindən sonra imişlililərin məmurlara münasibəti bir qədər də pisləşib, narazılıqlar artıb. Məlumatlara görə, V. Hacıyev İmişlidə işə başlayan kimi yerli sahibkarlara qanunsuz haqq qoyub, hər ay filan qədər ödəmək tələb olunub. İmişlidə özünə topdağıtmaz imarət tikdirən V.Hacıyevin Türkiyədən bu məqsədlə iki memar gətirtdiyi söylənilir. Onun İmişlidə yerli Asfalt Zavodunun müdiri ilə konfliktdə olduğuna dair məlumatlar gəzir. Bildirilir ki, Vilyam Hacıyev Asfalt Zavodunun müdiri qarşısında “rayonun bütün yollarını öz hesabına asfaltlamalısan” şəklində tələb qoyub.
Vilyam müəllimin İmişlinin deputatı Əsabil Qasımovla da gərgin münasibətdə olduğu vurğulanır. Narazılığa səbəb V.Hacıyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputatdan rayonun abadlaşdırılması kampaniyasına maliyyə dəstəyi verməsi tələbi olub. Ancaq Ə.Qasımov maliyyə yardımı etməkdən imtina edib. Deputat deyib ki, o, əvvəlki icra başçısının dövründə abadlıq işlərinə pul xərcləyib deyə, artıq indi əlavə vəsait sərf etməyəcək. Bu səbəbdən də V.Hacıyev deputatın rayondakı inşaat materialları və taxıl satışı obyektlərinin işinə ciddi əngəllər yaradıb. Bu isə tərəflər arasındakı “müharibəni” daha da gərginləşdirib.
“Yaşıl soyqırım”…
Vilyam Hacıyevin İmişlidəki ağaclara da qənim kəsildiyi iddia olunur. O, İmişli şəhərinin 20 Yanvar küçəsinin kənarında, Heydər Əliyev adına şəhər istirahət parkına bitişik ərazidə ağacların kütləvi şəkildə kəsilməsinə göstəriş verməkdə suçlanır. Sakinlərin mediaya verdiyi məlumata görə, göstərilən ərazilərdə çoxillik küknar ağaclarının bir qismi kökündən çıxarılıb. Daha sonra onları elektrik mişarları ilə doğrayaraq yük maşınları ilə 28 May küçəsində yerləşən taxta-şalban emalatxanasına daşıyıblar. Ağacların kəsilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılmadığından icra başçısının göstərişi ilə bu işi gerçəkləşdirən İmişli Kommunal Təsərrüfatları İstehsalat Birliyi ETSN tərəfindən cərimələnib. Məlumatlara görə, bir müddət əvvəl rayonda salınan Bayraq Meydanına gedən yol üzərində yerləşən meşə zolağı da məhv edilib. Vilyam Hacıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işə qarışdığını gördükdə isə bütün günahlar rayon bələdiyyəsinin üstünə atılıb

Sanki bir cəbhə bölgəsi imiş kimi, bu gün İmişlidən gələn məlumatların sayı-hesabı bilinmir. İmişli sahibkarlarını hədəfə alan Vilyam Hacıyevin indi də rayondakı idarələrin müdirlərini dəyişməklə məşğul olduğu vurğulanır. İcra başçısının bu işlərdə öz marağını güddüyü vurğulanır və qeyd olunur ki, tutulan vəzifənin əhəmiyyətinə və miqyasına uyğun olaraq “haqq” ödənilir.

//cumhuriyyet.az