Rusiya hiddətlənib – Fəlakətlər astanasında…

16:08 | 03.08.2018

ABŞ-ın gizli dəstəyi ilə Ermənistanda iğtişaş-mitinq dalğası üzərində hakimiyyətə gətirildiyi deyilən milliyyətçi jurnalist Nikol Paşinyan verdiyi sözlərə xilaf çıxaraq ölkədə sabiq hakimiyyət təmsilçilərinin “ov”una başlayıb.

Hətta Ermənistanın sabiq prezidenti R.Köçəryanın və MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistandan olan baş katibi, general Yuri Xaçaturov da cinayət məsuliyyətinə cəlb edilib. Bu isə onsuz da Ermənistanda yaranmış vəziyyətdən narahat olan və onun təhlükəsizliyinin təminatçısı hesab edilən Rusiyanın səbrini daşırmağa başlayıb. Ermənistanda bəziləri olanları Paşinyanın 2019-cu ildəki parlament seçkilərinə hazırlığı kimi qələmə verməyə çalışsalar da, yeni hökumətin birbaşa Qərb yönümünü götürməsi və rusiyapərəst liderlərin sıradan çıxarılması istiqamətində addımlar atması Moskvanı hiddətləndirib. Artıq Ermənistanın KTMT-dən çıxarılması, Rusiyanın bu ölkəyə silah satışının dayandırılacağı və hətta bununla bağlı qüvvədə olan anlaşmaların ləğv edilə bilməsi barədə söhbətlər gəzir. İrəvanda Rusiya ilə əlaqələrin sürətli, genişmiqyaslı inkişafında maraqlı olduğunu desələr də, Moskva artıq bu sözlərə inanmır.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Ermənistandakı sabiq hakimiyət təmsilçilərinin təqibindən ciddi narahatlıq ifadə etməsindən sonra qatı ermənipərəstliyi ilə seçilən Dövlət Dumasının MDB ilə, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitənin sədr müavini Konstantin Zatulin də dilə gəlib.

Onun sözlərinə görə, Ermənistan Rusiyanın maraqlarının xeyrinə olan seçim etməsə, bu müxtəlif daxili və xarici siyasi nəticələrə gətirib çıxara bilər. O, həmçinin qeyd edib ki, İrəvan KTMT üzvü olmasının olmasının və ölkədə Rusiyanın hərbi bazasının və Rusiyanın onlara silah verməsinin Ermənistanın təhlükəsizliyini təmin etməsini nəzərə almalıdır. Zatulinin fikrincə, belə davam edərsə, Ermənistan Rusiyanın özünə qarşı olan inamını ən yüksək səviyyədə itirə bilər.

Elə bu səbəbdəndir ki, avqustun 2-də Rusiya Müdafiə nazirinin beynəlxalq hərbi və hərbi-texniki əməkdaşlıq üzrə müavini Aleksanr Fomin İrəvana səfər edib. Onun guya 4-cü beynəlxalq “Birlik əsgəri” müsabiqəsinin bağlanış mərasimində iştirak etmək üçün İrəvana getdiyi bildirilsə də, əslində səfərin kökündə başqa məsələlərin dayandığı gün kimi ayındır. Fomin elə həmin gün Ermənistanın müadfiə naziri David Tonoyan və Xarici işlər naziri Zöhrab Mnztsakanyanla görüşərək onunla iki ölkə arasında siyasi, hərbi, hərbi-texniki əməkdaşlığın prioritetləri, Gümrüdəki Rusiya hərbi bazasının fəaliyyəti və müttəfiqlik məsələlərini müzakirə etməsi diqqətdən yayınmamalıdır.

Bundan sonra Ermənistan və Rusiya rəsmiləri arasında daha yüksək səviyyəli görüşlərin olacağı istisna deyil. Rusiya artıq ermənilərin sözlərinə inanmır. Moskvanın mövqeyini Zatulinin “sözlər sözlüyündə, amma əməllər olmalıdır” yanaşmasından açıq sezmək olar. Rusiya öz ətrafında halqanın daralmasını, ənənəvi maraqlarının olduğu ölkələrdə məğlubiyyətini həzm etmir və görünür ki, heç vaxt etməyəcək. Bunu Ukrayna, Moldova, Gürcüstan və Orta Asiya təcrübəsi sübut edir.

Fikrimcə, Rusiya Ermənistandakı itirilmiş mövqelərini bərpa etməyə çalışacaq və buna tam da olmasa, qismən nail olacaq. Lakin əgər bu baş verməsə, o zaman Ermənistanı ağır günlər günlər gözləyə bilər. Zatulinin “Ermənistan Rusiyanın maraqlarının xeyrinə olan seçim etməsə, bu müxtəlif daxili və xarici siyasi nəticələrə gətirib çıxara bilər” hədə-qorxusu hər şeyi özündə ehtiva edir.

Ermənistan-Rusiya münasibətlərinin korlanmasının Azərbaycana həm müsbət, həm də mənfi təsirləri ola bilər. Rusiya-Ermənistan münasibətlərin korlanması Moskvada Azərbaycanın daha etibarlı tərəfdaş olduğunu anlamağa, ölkəmizə qarşı bəzi istiqamətlərdə ikitirəliyin aradan qaldırılmasına kömək edə bilər. Lakin Rusiya Ermənistandakı maraqlarından heç zaman əl çəkməyəcək və onu geri qaytarmaq üçün İrəvana müxtəlif təzyiqlər göstərəcək.

O təzyiqlərdən biri də heç şübhəsiz ki, Azərbaycanın işğal olunmuş ərazilərində, cəbhədə Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin dəyişməsi ilə müşaiyət oluna bilər. Çox güman ki, cəbhədə müxtəlif səviyyəli təxribatlar ola, gərginlik arta və hətta müəyyən müddətə müxtəlif səviyyəli və miqyaslı döyüş əməliyyatları ola bilər. Bəziləri düşünə bilər ki, döyüş əməliyyatlarının başlanması Azərbaycanın xeyrinə olacaq. Lakin 2016-cı ilin aprel hadisələri göstərdi ki, Azərbaycanın öz torpaqlarını geri almasına imkan verilməyəcək, sadəcə ara qızışacaq, gərginləşəcək və bu vəziyyət Azərbaycanın xeyrinə olmayacaq…