Səfir Daşqın Şikarovun məqaləsi nüfuzlu “Ettihad” qəzetində dərc edilib

01:08 | 19.10.2018

Birləşmiş Ərəb Əmirliklərinin rəsmi ərəb dilli “Ettihad” dövlət qəzetində Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarovun “18 oktyabr tarixində Azərbaycan Müstəqillik Gününü qeyd edir” sərlövhəli məqaləsi dərc olunmuşdur.

Yazısında Daşqın Şikarov keçən əsrin əvvəlində 28 may 1918-ci il tarixində Azərbaycanın #İslam dünyası və Şərqdə ilk dünyəvi demokratik dövlət qurduğunu, həmin dövlətin yalnız 23 ay yaşadığını, xarici qüvvələrin müdaxiləsi səbəbindən süquta yetdiyini bildirmişdir. Bir sıra dünya dövlətləri Azərbaycan Demokratik Respublikasını tanımış, Azərbaycan dövlətinin rəsmi simvolları və Azərbaycan vətəndaşlığı haqqında əsasnamə qəbul edilmiş, kişi və qadınların bərabər hüquqlara malik olmaları tanınmışdır. Müvafiq qanunvericilik aktları ilə Azərbaycan Silahlı Qüvvələri, Xəzər donanması yaradılmış, Bakı Universiteti təsis edilmiş, yüzlərlə gəncə Avropanın aparıcı universitetlərində təhsil almaq üçün təqaüdlər ayrılmışdır. Eyni zamanda icra, qanunvericilik və məhkəmə hakimiyyətlərinin tam müstəqilliyi təmin olunmuşdur.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinə aparan yollardan bəhs edən məqalə müəllifi vurğulamışdır ki, SSRİ-nin dağılması ərəfəsində Azərbaycan müstəqilliyini bərpa etmək üçün yenidən imkan əldə etmiş, 1991-ci ildə Azərbaycan xalqının müstəqillik əldə etmək üçün apardığı mübarizəsi öz məntiqi nöqtəsinə çatmışdır. Müstəqillik eşqi ilə yaşayan Azərbaycan xalqı ardı kəsilməyən nümayişlərdə iştirak etmiş, 20 yanvar 1990-cı ilin qırğını ilə üz-üzə gəlmişdir. Hətta #sovet tankları müstəqilliyə aparan yolun qarşısını ala bilməmişdir. Yüzlərlə vətənpərvər oğul-qızını qurban verən Azərbaycan yeni həyata qədəm qoymuşdur.

Məqalədə qeyd olunmuşdur ki, Azərbaycan Parlamenti 18 oktyabr 1991-ci il tarixində dövlət müstəqilliyinin bərpa olunması haqqında konstitusiya aktını qəbul etmişdir. Sözügedən sənədə əsasən Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir. Akta əsasən dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarına bərabər hüquqlar zəmanəti verilmişdir. Vurğulanmışdır ki, 29 dekabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında konstitusiya aktının dəstəyi barəsində ümummilli referendumda xalqın 95 faizi iştirak etmiş və yekdilliklə ölkənin müstəqilliyini dəstəkləmişdir. Bundan sonra dünya ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, müstəqilliyini elan etmiş Azərbaycan Respublikasını rəsmən tanımış, nəhayət 2 may 1992-ci ildə Azərbaycan BMT-nin tam hüquqlu üzvü olmuşdur.

Ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı #Prezident #İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının yüksək templərlə inkişaf etdiyini vurğulayan səfir Daşqın Şikarov qeyd etmişdir ki, təbii sərvətlərlə zəngin olan Azərbaycan enerji resurslarını Avropaya ixrac edir və bu regionun enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Ölkə rəhbərliyinin apardığı düşünülmüş siyasət nəticəsində Azərbaycan Cənub və Şimalı, Şərq və Qərbi birləşdirən nəqliyyat qovşağına çevrilmişdir. Müəllif bildirmişdir ki, Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda nüfuz sahibi, regionda əsas sərmayəçi ölkədir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı strategiyası çərçivəsində apardığı islahatlar sayəsində Azərbaycanın sənaye, infrastruktur, kənd təsərrüfatı, idman və turizm sahələrinin dinamik inkişaf etdiyi məqalədə vurğulanmışdır.

“Ettihad” qəzetində nəşr olunmuş məqalədə Azərbaycanın xarici siyasəti haqqında məlumatlar verilmiş, ölkənin öz xarici siyasətini ölkə maraqları üzərində qurduğu, Avropa və Asiyanın siyasi sərhədində yerləşərək, hər iki qitənin siyasi strukturlarına inteqrasiya olduğu qeyd olunmuş, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması xüsusi vurğulanmışdır.

D.Şikarovun yazısında yaxın dostluq və səmimi münasibətdə olan Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin ikitərəfli və çoxtərəfli formatda geniş əməkdaşlıq etdiyi bildirilmiş, siyasət, diplomatiya, iqtisadiyyat, ticarət, maliyyə, mədəniyyət, ədliyyə və digər sahələrdə imzalanmış sənədlər iki ölkə arasında hüquq-müqavilə bazasını təşkil etdiyi qeyd olunmuşdur.

Azərbaycan Respublikası və BƏƏ liderlərinin, həmçinin yüksək səviyyəli dövlət rəsmiləri arasında səfər mübadiləsinin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini xüsusi qeyd edən məqalə müəllifi bu təmasların siyasi dialoqu təmin etdiyi və ikitərəfli əməkdaşlığın təşviqinə xidmət etdiyini bildirmişdir. Müəllif iki ölkə arasında ticarət və xalqlar arasında mübadiləsinin ildən ilə artığını vurğulamışdır. İki ölkənin aparıcı hava daşıyıcıları olan Azərbaycan Hava Yolları həmçinin BƏƏ-nin Ettihad, Flydubay və Air Arabia hava yolları tərəfindən ölkələrimiz müxtəlif şəhərləri arasında birbaşa hava körpüsü yaratdığını vurğulamışdır. Bildirmişdir ki, eyni zamanda Azərbaycan və BƏƏ şirkətləri, iş adamlarının müxtəlif beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakı da turizm və ticarət əlaqələrinin güclənməsinə xidmət edir.