Şəhid atası Sabirabadın başçısından NARAZIDIR: “Laqeydlik…”

03:01 | 23.06.2017
270 dəfə oxundu

Telman Mirzəyev: “Aidiyyatı orqanlara müraciət edirəm ki, vətən uğrunda canından keçən şəhidlərə qarşı belə laqeyd yanaşmasınlar”

“Şəhid Murad Mirzəyevin xatirəsinin əbədiləşdirilməsi üçün hələ də heç bir iş görülməyib”. Bunu aprel hadisələrində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin atası Telman Mirzəyev deyib.

Dəfələrlə narazılığını ifadə edən şəhid atasının sözlərinə görə, oğlunun şəhidliyindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, aidiyyatı orqanlar – Sabirabadın İcra Hakmiyyəti şəhidin xatirəsinə laqeyd yanaşır:

“Bir müddət çox yerə şikayətlərimizi ifadə etdik, şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atılmasını gözlədik. Aprel döyüşlərindən artıq 14 aydan çox vaxt keçib, heç bir məlumat verilməyib”.

Şəhidin ailəsinin durumundan da xəbər verən T.Mirzəyev ailəsinin maddi və mənəvi durumunun normal olduğunu deyib. T. Mirzəyev oğlunun tək Sabirabadın deyil, bütün Azərbaycanın qəhrəmanı olduğunu xatırladıb. O şəhidə bu cür laqeydliyin ucalıq gətirmədiyini, bir şəhid atası kimi onu təəssüfləndirdiyini ifadə edib:

“Əvvəl söz verildi ki, rayonda bir küçəyə, məktəbə və ya texnikuma Murad Mirzəyevin adı veriləcək, xatirəsi əbədiləşdiriləcək. Amma ortada heç bir şey yoxdur. Bu laqeydlik məni narahat edir. Çünki oğlum vətən uğrunda canını qoyub, uzun müddət hərbi yol keçib, onun kimi igid şəhidlərin sayəsində Lələ Təpə, Cocuq Mərcanlı kəndi bu gün Azərbaycanın nəzarətindədir. Murad 14 yaşından hərbçi olub, 26 il vətənə xidmət edib, hər zaman vətənpərvərlik hissi ilə yaşayıb.

Aprel döyüşlərindən indiyə qədər bu 14 ayda onun xatirəsini əbədiləşdirmək üçün heç nə etmədilər. Ona görə, Sherg.az vasitəsilə aidiyyatı orqanlara müraciət edirəm ki, vətən uğrunda canından keçən şəhidlərə qarşı belə laqeyd yanaşmasınlar”.

//Sherg.az