“SOCAR iki qardaş xalqın rifahı naminə irihəcmli sərmayə layihələrini davam etdirəcək”

11:36 | 10.07.2017
107 dəfə oxundu

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bundan sonra da iki qardaş xalqın rifahı naminə irihəcmli sərmayə layihələrini davam etdirəcək”.

“Report”un verdiyi xəbərə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib.

“2016-cı ildə SOCAR qrupu Türkiyəyə sərmayə yatıran ən böyük investorlardan olub. Keçən il Türkiyə sənayesinə daxil olan birbaşa xarici sərmayələrin 51%-i SOCAR tərəfindən həyata keçirilib. Bu günədək SOCAR tərəfindən Türkiyədə həyata keçirilən layihələrə ümumilikdə 12,6 mlrd. dollar həcmində sərmayə yatırmışıq. Həyata keçirilən layihələr yekunlaşanadək bu göstəricinin 19,5 mlrd. dollar təşkil edəcəyi gözlənilir. SOCAR bundan sonra da iki qardaş xalqın rifahı naminə iri həcmi sərmayə layihələrini davam etdiməkdə qərarlıdır”, – deyə R.Abdullayev vurğulayıb.

SOCAR rəhbəri bildirib ki, Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasında Türkiyənin dəstəyi rəsmi Bakı üçün çox əhəmiyyətlidir: “Türkiyənin siyasi qətiyyəti bizim hədəflərimizin gerçəkləşməsi üçün əvəzolunmaz rol oynayıb və oynayır. Türkiyə Azərbaycanın enerji layihələri ilə əlaqədar beynəlxalq sazişlərə hər zaman dəstək olub və onun bütün müddəalarına sadiqlik göstərməklə xairici investisiyaların qorunmasını təmin edib. SOCAR olaraq Türkiyədə həyata keçirdiyimiz layihələrdə bu dəstəyi hiss edirik”.